Yunanıstanın Mülki Aviasiya İdarəsi texniki nasazlıq səbəbilə Yunanıstanın hava məkanının bu gün saat 16:00-a qədər bağlı qalacağını açıqlayıb.

Bazar günü səhər Afina Uçuş Məlumatı Bölgəsində (FIR) texniki problem səbəbindən Yunanıstan üzrə uçuşlar dayandırılıb. Nasazlıq Afinanın əsas hava limanında və regional hava limanlarında eniş və gedişlərə təsir edib. Problemin Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Afina və Makedoniya Hava Hərəkətini İdarəetmə Mərkəzlərinin mərkəzi radiotezlik sistemlərindən qaynaqlandığı bildirilir.
Texniki nasazlıq Yunanıstana və Yunanıstandan gələn bütün uçuşlara təsir edib, lakin artıq havada olan təyyarələrin fəaliyyətini davam etdirdiyi bildirilib. Hava Hərəkəti İdarəçiləri Assosiasiyasının prezidenti Panagiotis Psaros Kathimerini qəzetinə bildirib ki, ilk tədbir olaraq Yunanıstandakı hava limanlarından bütün uçuşlar dayandırılıb və artıq havada olan təyyarələrin təhlükəsiz enişini təmin etmək üçün səylər davam edir.
Mənbə: Hürriyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
