Suriyanın Homs şəhərində cümə namazı vaxtı məsciddə baş verən partlayış nəticəsində ən azı 8 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. Ölkənin səhiyyə nazirliyi bu məlumatı təsdiq edib.

Dövlət informasiya agentliyi SANA-nın yaydığı şəkillərdə İmam Əli ibn Əbu Talib məscidinin qara, yanan divarları, sındırılan pəncərələri və xalıdakı qan izləri görünür.
Təhlükəsizlik mənbəyinə istinad edən SANA agentliyinin məlumatına görə, rəsmilər partlayışın binanın içərisində partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyini düşünür. Təşkilatçılar axtarılmaqla yanaşı, “Səraya Ənsar əs-Sünnə” cihatçı qrupu partlayışın təşkilində öz məsuliyyətini üzərinə götürüb.
Hadisənin baş verdiyi məscid, əhalisinin çoxunun Ələvi etno-dini qrupuna mənsub olduğu Vadi əl-Zəhəb məhəlləsində yerləşir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
