İngiltərə, Almaniya və Fransa da daxil olmaqla, 14 ölkə İsrailin işğal altındakı İordan çayının qərb sahilində yeni yaşayış məntəqələri inşa etmək qərarına etiraz edib.
Ölkələr yaydıqları birgə bəyanatda bildiriblər ki, İsrailin təhlükəsizlik kabinetinin 19 yeni məskənin tikintisinə icazə verməsi beynəlxalq hüququ pozur və bölgədə qeyri-stabil vəziyyəti daha da gərginləşdirə bilər.
Bəyanatda qeyd olunub ki, məskunlaşma siyasətinin genişləndirilməsi qəbuledilməzdir və İsrail bu qərarı geri götürməyə çağırılıb. Ölkələr həmçinin BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsini xatırladaraq, həmin sənədin İsrailin işğal altındakı Fələstin torpaqlarında apardığı məskunlaşma fəaliyyətlərini qanunsuz elan etdiyini vurğulayıblar.
Birgə mövqedə Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna dəstəyin davam etdiyi bildirilib. Sənəddə həmçinin iki dövlətli həll modelinə sadiqlik bir daha təsdiqlənib: “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, İsrail və Fələstinin tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamasına əsaslanan iki dövlətli həllə alternativ yoxdur. Hərtərəfli və davamlı sülh yalnız danışıqlar yolu ilə mümkündür”.
Qeyd edək ki, İsrail buldozerləri 23 dekabrda Cenin şəhəri yaxınlığındakı Sanur yaşayış məntəqəsinin boşaldılmış ərazisində torpaq hamarlama işləri aparıb.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
