Avstraliyanın Bondi Beach bölgəsində baş verən silahlı hücumun aylarla diqqətlə planlaşdırıldığı polis sənədlərində yer alıb. Məhkəmə materiallarına görə, hücumun əvvəlində partlayıcılar atılıb və silahlılar həftələr öncə atış təlimləri keçib.
Polis iddia edib ki, hücumda şübhəli bilinən ata və oğul hadisədən iki gün əvvəl Bondiyə gələrək ərazidə kəşfiyyat aparıb. 14 dekabrda Hanuka bayramı tədbiri zamanı açılan atəş nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.
24 yaşlı Navid Akram 59 maddə üzrə, o cümlədən 15 qətl və terror ittihamı ilə mühakimə olunub. İkinci silahlı şəxs olan atası Sacid Akram hadisə yerində polis tərəfindən öldürülüb.
Məhkəmə sənədlərində hücumdan əvvəl çəkilmiş videoların olduğu bildirilib və həmin görüntülərdə silahlıların odlu silahlarla təlim keçdiyi, avtomobildə partlayıcı qurğular və İŞİD bayraqları saxladığı qeyd edilib.
Hadisədən sonra Avstraliya hökuməti təhlükəsizlik və silah qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı təzyiqlərlə üzləşib, Baş nazir Entoni Albaniz isə icmanın təhlükəsizliyi üçün yeni addımlar atılacağını bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
