Beynəlxalq bazarlarda Brent markalı neftin bir barelinin qiyməti 60,77 dollara yüksəlib. Məlumata görə, bu gün saat 09:04-ə olan göstəricilərə əsasən, Brent nefti əvvəlki bağlanış qiyməti ilə müqayisədə təxminən 1 faiz bahalaşıb.
Xatırladaq ki, ötən cümə günü Brent neftinin qiyməti 60,28 dollara qədər yüksəlsə də, ticarət sessiyasını 60,16 dollar səviyyəsində başa vurub. Eyni vaxtda Qərbi Texas növü (WTI) xam neftin bir bareli isə 57,12 dollara alınıb-satılıb.
Neft qiymətlərindəki artım əsasən ABŞ-li rəsmilərin Venesuela sahilləri yaxınlığında beynəlxalq sularda daha bir neft tankerini izləməyə başlaması və Rusiya–Ukrayna müharibəsi fonunda davam edən geosiyasi gərginliklərin bazarlarda təchizatla bağlı narahatlıqları gücləndirməsi ilə əlaqələndirilir.
Beynəlxalq xəbər mənbələrinin məlumatına görə, ABŞ Sahil Mühafizəsi Venesuelanın sanksiyalardan yayınma fəaliyyətlərinin tərkib hissəsi olduğu ehtimal edilən və “qaranlıq donanma”ya aid edilən bir tankeri aktiv şəkildə izləyir. Bildirilir ki, sözügedən gəmi ilə bağlı məhkəmə qərarı əsasında müsadirə əmri də mövcuddur.
Qeyd olunur ki, əməliyyat Panama bayrağı altında üzən və sanksiya siyahısında yer alan “Bella 1” adlı neft tankerini hədəf alıb. Həmin tanker Venesuelaya neft yükləmək üçün hərəkətdə olub. Tankerin müsadirə edilməsi baş verərsə, bu addım 10 dekabrdan bəri bölgədə həyata keçirilən üçüncü tanker müdaxiləsi olacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Ətirə İbayeva
