Bu gün:

Roma Papası İngiltərə və Uelsdə Katolik kilsəsinin yeni rəhbərini təyin edib


Vatikan açıqlayıb ki, Riçard Mot Vestminsterin yeni arxiyepiskopu təyin olunub. Bununla da o, İngiltərə və Uelsdə Katolik kilsəsinin rəhbəri olacaq.

Riçard Mot 2009-cu ildən bu vəzifəni icra edən və 80 yaşında istefa verən kardinal Vinsent Nikolsu əvəzləyir.

Son 10 il ərzində Riçard Mot Arundel və Brayton yeparxiyasının yepiskopu vəzifəsində çalışıb. Bundan əvvəl isə Silahlı Qüvvələrin yepiskopu olub.

Vestminster arxiyepiskopu kimi o, İngiltərə və Uels Yepiskoplar Konfransının prezidenti olacaq və təxminən dörd milyon katoliki təmsil edəcək.

Kardinal Nikols 75 yaşında təqaüd yaşına çatsa da, Papa Fransiskin xahişi ilə vəzifəsində qalmağa davam edib. O, may ayında Papa XIV Leonun seçildiyi konklavda iştirak edib.

Kardinal Nikolsun varisinin müəyyənləşdirilməsi prosesi Böyük Britaniyadakı Apostol Nunsisi, yəni Vatikanın papal elçisi tərəfindən aparılıb və potensial namizədlərin siyahısı Papa XIV Leona təqdim olunub.

Bu həftənin əvvəlində arxiyepiskop Mot birgə bəyanatla çıxış edərək “təhlükəsizlik axtarışı ilə bu ölkəyə gələn insanlara” empatiya göstərməyə çağırıb və xatırladıb ki, İsanın ailəsi də vaxtilə qaçqın kimi Misirə sığınıb.

O, Böyük Britaniyada kilsənin sosial ədalət məsələlərinə reaksiyasına rəhbərlik edən yepiskoplardan biri olub və iki uşaqlı sosial müavinət məhdudiyyətinin ləğvini alqışlayıb.

Cümə günü keçirilən mətbuat konfransında çıxış edən vəzifəsini təhvil verən kardinal Nikols bildirib ki, onun varisi yeparxiyanın həyatına “təcrübə və praktik müdriklik” gətirəcək.

Arxiyepiskop Mot isə deyib: “Buradakı ilk vəzifəm hər kəsi yaxından tanımaqdır — keşişləri və insanları, məktəbləri və Vestminsterdəki bu möhtəşəm yeparxiyanın həyatını öyrənmək”.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et