Bu gün:

Milad xilas olub


İngiltərənin Merseyside bölgəsində keçirilən bayram tədbirindən qaçan şimal maralının tapılması üçün polis, sahil mühafizəsi və Kral Dəniz Piyadaları gecə boyu axtarış əməliyyatı aparıb. Təcili xidmət orqanları heyvanın tapılmasından sonra “Milad xilas oldu” açıqlamasını veriblər.


“Buddy” adlı maral şənbə günü günortadan sonra Formby şəhərində təşkil olunan bayram tədbirindən qaçıb. Saat 16:45 radələrində "Southport" Dəniz Xilasetmə Xidməti axtarışlara kömək üçün çağırılıb. Merseyside Polisi maralın yaxınlıqdakı yollarda görüldüyünü və daha sonra çimərliyə doğru hərəkət etdiyini bildirib.

Polis heyvanın yaxınlıqdakı çaya düşə biləcəyindən narahat olduğu üçün xilasedici qayıq və kvadrosiklet komandaları, eləcə də "Southport" və "Crosby" sahil mühafizə qrupları əməliyyata cəlb olunub. Xilasedicilər termal durbinlər vasitəsilə maralın yerini müəyyən ediblər və kvadrosikletlərlə onu qum təpələrinə doğru yönləndiriblər. Daha sonra polis dronu ilə heyvanın hərəkətləri izlənib.

Maral qum təpələrində dincəlmək üçün uzandıqdan sonra, Wiltshire bölgəsindən bir baytar gətirilib. Heyvanın sakitləşdirilməsi, qoşquya yerləşdirilərək yenidən tövləsinə aparılması planlaşdırılıb. Baytara yaxınlıqdakı hərbi təlimdə olan Kral Dəniz Piyadaları dəstək verib və maral bazar günü gecə saat 01:20-də uğurla sakitləşdirilib.

Buddy daha sonra sahiblərinə - Uelsə qaytarılıb. "Southport" Dəniz Xilasetmə Xidməti verdiyi açıqlamada bir neçə qurumun birgə səyi nəticəsində Miladın xilas edildiyini bildirib. Xidmətin nümayəndəsi baş verənləri ilin bu vaxtı üçün olduqca qəribə hadisə adlandırıb.

Merseyside Polisi isə qeyd edib ki, maral yollara çıxaraq həm özü, həm də insanlar üçün real təhlükə yaradıb və onun təhlükəsiz şəkildə tutulması çox vacib olub.

Mənbə: Sky news

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et