Bu gün:

İranlı boks çempionu edam oluna bilər


İranda həbsdə saxlanılan boks çempionu Məhəmməd Cavad Vəfai Saninin həbs qərarına yenidən baxılma tələbi ölkənin Ali Məhkəməsi tərəfindən rədd edilib və onun edam təhlükəsi ilə üz-üzə qaldığı bildirilir. 

Şimal-şərqi İranın Məşhəd şəhərindən olan 30 yaşlı Məhəmməd Cavad Vəfai Sani 2019-cu ildə ölkə üzrə keçirilmiş demokratiya etirazlarında iştirak edib və 2020-ci ildə saxlanılıb. O, İran Xalq Mücahidləri Təşkilatını (MEK) dəstəkləməkdə ittiham olunub. Vəfai Sani beş il həbsdə saxlanılıb, bu müddətdə işgəncələrə məruz qalıb və təkadamlıq kamerada tutulub.


Onun yenidən məhkəmə baxışı ilə bağlı müraciəti 15 dekabr tarixində rədd edilib. Həmin gün o, gözlənilmədən anası ilə görüşə buraxılıb. Kampaniya aparan fəallar bu addımın edamın yaxınlaşmasına işarə edə biləcəyini düşünür. Həbsxanadan anasına edilən telefon zəngi zamanı bildirilib ki, onun işi Məşhəddə cəzaların icrası şöbəsinə göndərilib.


İran Milli Müqavimət Şurasının xarici əlaqələr komitəsinin üzvü Şahin Qobadi bildirib ki, Vəfai Saninin həyatı ciddi təhlükə altındadır və ölüm hökmü istənilən an icra oluna bilər. Onun sözlərinə görə, son altı ildə rejim genişmiqyaslı işgəncələrdən istifadə edib və onu MEK-dən imtina etməyə məcbur etməyə çalışıb.


"Amnesty International" təşkilatının məlumatına əsasən, Vəfai Sani “Yer üzündə fəsad törətmək” maddəsi ilə 2024-cü ilin sentyabrında üçüncü dəfə ölüm cəzasına məhkum edilib və bu hökm “son dərəcə ədalətsiz məhkəmə prosesi” nəticəsində çıxarılıb. Ali Məhkəmə 4 oktyabr tarixində ölüm hökmünü qüvvədə saxlayıb.


"Amnesty International"ın İran üzrə baş kampaniyaçısı Nassim Papayianni İran hakimiyyətini Vəfai Saninin edamı ilə bağlı planları dərhal dayandırmağa, onun hökmünü və məhkumluğunu ləğv etməyə çağırıb. O bildirib ki, bu ittiham beynəlxalq hüququn tələb etdiyi qanunilik və aydınlıq prinsiplərinə uyğun gəlməyib, inqilab məhkəmələri isə müstəqillikdən məhrum olub və ciddi şəkildə ədalətsiz məhkəmələrdən sonra ağır hökmlər çıxarıb. Onun sözlərinə görə, bu cür məhkəmələrdə mühakimə olunan şəxslər, o cümlədən Vəfai Sani, sistemli şəkildə ədalətli məhkəmə hüquqlarından məhrum edilib.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et