Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.
24media.az bildirir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin verdiyi məlumata görə, aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci ildən 1 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub.
Xidmətin nümayəndəsi Arzu Babayeva bildirib ki, su-bataqlıq ərazilərində müşahidə olunan ekosistem dəyişiklikləri, eləcə də fauna üzrə aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılıb. Onun sözlərinə görə, sonrakı mərhələdə həyata keçirilən təkrar ekoloji müşahidələr, heyvan populyasiyalarının sayımı və qışlama şəraitinin qiymətləndirilməsi nəticəsində müəyyən edilib ki, bəzi növlər üzrə populyasiya göstəriciləri stabilləşib və quşların qışlama dövrünün ekoloji baxımdan ən həssas mərhələsi başa çatıb. Mövcud elmi əsaslar, monitorinqlərin nəticələri və ekoloji tarazlığın qorunması prinsipləri nəzərə alınaraq ov mövsümünün yenidən açılması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, bu il ov mövsümü əvvəlcə 10 oktyabr 2025-də açılmış və 1 dekabr 2025-ə qədər davam edib. Keçirilən monitorinqlər əsasında mövcud göstəricilər öyrənilərək 20 dekabrdan yeni ov mövsümünün açılması qərara alınıb.
Aytac Musayeva
