Los-Anceles Dairə Tibbi Ekspertizası kino rejissoru Rob Rayner və fotoqraf Mişel Sinqer Raynerin kəskin alətlə öldürüldüyünü açıqlayıb.

Qurumun rəsmi saytında hər iki şəxs üçün ölüm səbəbi “çoxsaylı kəsici-deşici alət xəsarətləri”, ölümün xarakteri isə “qəsdən adam öldürmə” kimi göstərilib. Ölüm tarixi bazar günü, 14 dekabr olaraq qeyd edilib.
Raynerlərin cəsədləri bazar günü Los-Ancelesin Brentvud rayonundakı evlərində qızları Romi Rayner tərəfindən yoxlama zamanı aşkarlanıb. Elə həmin gün oğulları Nik Rayner saxlanılaraq iki nəfərin birinci dərəcəli qətlində və təhlükəli alət, yəni bıçaqdan istifadə etməklə ittiham olunub.
Nik Rayner çərşənbə günü məhkəmə qarşısına çıxıb, lakin ittihamlara münasibət bildirməyib. Məhkəmə zalındakı jurnalistlərin bildirdiyinə görə, o, iclasın sonunadək görünməz saxlanılıb, qandallı olub və intiharın qarşısının alınması üçün xüsusi geyimdə olub. O, yalnız bir dəfə hakimin sürətli məhkəmə hüququnu başa düşüb-düşmədiyi sualına: “Bəli, hörmətli hakim”, - deyə cavab verib. Növbəti dinləmənin 7 yanvar tarixində keçirilməsi planlaşdırılıb.
Əyləncə sənayesində Rob Raynerin həmkarları başsağlığı paylaşımlarını davam etdiriblər. Raynerin məşhur romantik komediyası “Harri Salli ilə tanış olanda” filminin ulduzu Meq Rayan yazıb: “İnsanlardakı ən yaxşıya inamınıza və ölkəmizə olan dərin sevginizə görə təşəkkür edirəm”.
Rob və Mişel Raynerin övladları Romi və Ceyk Rayner də "People" jurnalına açıqlama verərək bildiriblər: “Yaşadığımız ağrını sözlərlə ifadə etmək mümkün deyil. Valideynlərimiz Rob və Mişel Raynerin dəhşətli və sarsıdıcı itkisi heç kimin yaşamamalı olduğu bir faciədir. Onlar təkcə valideynlərimiz deyil, həm də ən yaxın dostlarımız idi”.
Bundan əlavə, Raynerin son işi olan, "Spinal Tap" qrupunun Stounhencdə çıxışını əks etdirən konsert filminin nümayişi təxirə salınıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
