Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF İB) ümumi yığıncağı keçirilib. Konfransda gündəlikdə duran məsələlər açıqlanıb və federasiyanın prezidenti Firudin Qurbanov 2025-ci il üzrə görülən işlər barədə hesabatla çıxış edib.

24media.az bildirir ki, yığıncaqda İcraiyyə Komitəsinin tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul olunub, komitə üzvlərinin sayı 7-dən 9-a çatdırılıb. Eyni zamanda Azərbaycan Tələbə Liqasının cari ildəki fəaliyyəti və Təftiş Komissiyasının yekun hesabatı dinlənilib.
Konfrans zamanı Xorvatiyada təşkil olunan futzal üzrə XIV Universitetlərarası Avropa çempionatında ölkəmizi uğurla təmsil edərək çempion olan Azərbaycan İdman Akademiyasının komandasının əldə etdiyi nailiyyət yüksək qiymətləndirilib və bu uğurda göstərilən dəstəyə görə ATFF İB rəhbərliyinə təşəkkür edilib.
Səsvermənin nəticələrinə əsasən, Tehranağa Abdullayev, Tural Qarayev və Elşad Quliyev ATFF İB-nin İcraiyyə Komitəsinə üzv seçiliblər.
Qeyd edək ki, Azərbaycan Tələbə Futbol Federasiyası 2000-ci illərdə yaradılıb və o vaxtdan tələbə futbolunun ölkədə inkişafı üçün müxtəlif layihələr həyata keçirib.
Aytac Musayeva
