Bu gün:

Venesuelaya qarşı ABŞ-nin neft gəmilərinə blokada əmri verilib


ABŞ Prezidenti Donald Tramp Venesuelaya daxil olan və ölkəni tərk edən sanksiyalı neft tankerlərinə qarşı “tam və hərtərəfli” blokada əmri verib. Venesuela hakimiyyəti bu addımı “müharibəqızışdıran təhdidlər” adlandıraraq kəskin şəkildə pisləyib.

Tramp Venesuela Prezidenti Nikolas Maduronun hökumətini xarici terror təşkilatı kimi qiymətləndirib və onu narkotik, insan alveri və digər ağır cinayətlərdə ittiham edib. ABŞ bu açıqlamaları ötən həftə Venesuela sahillərində bir neft tankerini ələ keçirdikdən sonra verib.

Məlumatlara görə, Venesuela sularında olan və ya ölkəyə yaxınlaşan onlarla gəmi artıq ABŞ sanksiyaları altındadır. Vaşinqton həmçinin Maduronun bəzi qohumlarına və hökumətlə əlaqəli biznes strukturlarına yeni sanksiyalar tətbiq edib.

ABŞ bölgədə hərbi mövcudluğunu artıraraq Karib dənizinə minlərlə hərbçi və dünyanın ən böyük aviadaşıyıcısı olan USS Gerald Fordu yerləşdirib. ABŞ-dəki bəzi siyasətçilər bu dəniz blokadasını açıq şəkildə “müharibə aktı” adlandırıblar.

Neftdən ciddi asılı olan Venesuela isə Vaşinqtonu ölkənin zəngin enerji resurslarını ələ keçirməyə çalışmaqda ittiham edir. BMT isə son açıqlamasında Venesuelada insan haqları və vətəndaş azadlıqlarının vəziyyətinin daha da pisləşdiyini bildirib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et