Bu gün:

Azərbaycanda elektron siqaretlər qadağan olunur


Azərbaycanda elektron siqaretlərin və onlara aid komponentlərin idxalı, ixracı, istehsalı, saxlanılması, həm topdan, həm də pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunur.24media.az xəbər verir ki, bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna yeni maddənin əlavə olunması təklif olunur.

Təklif olunan dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Belə ki, "Tütün və tütün məmulatı haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında "tütün məmulatı" anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin "qızdırılan tütün məmulatı" və "elektron siqaret" anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir.

Bildirilib ki, anlayışların dəqiqləşdirilməsi və yeni terminlərin müəyyənləşdirilməsi tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatlarının və elektron siqaretlərin hüquqi tətbiqdə daha aydın şəkildə təsnifləşdirilməsinə və fərqləndirilməsinə imkan verəcək.

Bununla yanaşı uyğunlaşdırma məqsədilə Vergi Məcəlləsində və “Reklam haqqında” qanunda da dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklərə əsasən, “birdəfəlik istifadə üçün elektron siqaret” və “elektron siqaretlər üçün maye” aksizli mallar siyahısından çıxarılır, bununla əlaqədar müvafiq vergi dərəcələri ləğv edilir. Eyni zamanda reklamla bağlı qadağalar yeni anlayışlara uyğunlaşdırılır.

"Reklam haqqında" qanuna təklif olunan dəyişikliklərə görə nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan olunacaq.


Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et