Azərbaycan suverenliyinin tam bərpası və Konstitusiyanın ölkənin bütün ərazilərində ali hüquqi qüvvəyə malik olması fonunda Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib.
24media.az bildirir ki, qərar humanizm və mərhəmət prinsiplərinə sadiqlik, eləcə də cəzadan azad etmənin tərbiyəvi əhəmiyyəti ilə əsaslandırılıb.
Təqdim olunan amnistiya aktı layihəsinə əsasən, Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, hərbi təxribatlar nəticəsində əlil olanlar, həmçinin qadınlar, 60 yaşdan yuxarı şəxslər və cinayət törədərkən yetkinlik yaşına çatmayanlar cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilərlər.
Layihə eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsini və ya cəzalarının azaldılmasını nəzərdə tutur.
Amnistiya aktının 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir. Onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, minlərlə məhkumun isə cəzalarının yüngülləşdiriləcəyi bildirilir. Bu amnistiyanın müstəqil Azərbaycan tarixində ən genişmiqyaslı amnistiyalardan biri olacağı ehtimal edilir.
Qeyd edək ki, amnistiya aktı qüvvəyə mindikdən sonra onun icrası məhkəmələr, prokurorluq orqanları və Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Aytac Musayeva
