Bu gün:

Azərbaycan nümayəndə heyəti UNAOC 11-ci Qlobal Forumunda iştirak edir


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu fəaliyyətə başlayıb.

24media.az bildirir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, “UNAOC: bəşəriyyət üçün dialoqun 20 ili – çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni mərhələsinə doğru” mövzusunda keçirilən forum müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrini, beynəlxalq və regional təşkilatların rəhbərlərini, dini liderləri, həmçinin gənclər, özəl sektor, incəsənət, idman, akademik mühit və media təmsilçilərini bir araya gətirib.

Forumda Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

İki gün davam edəcək tədbir çərçivəsində çoxqütblü dünyada inklüziv dialoq və məsuliyyətli liderlik, dinlərarası əməkdaşlıq, süni intellekt və dezinformasiyaya qarşı mübarizə, eləcə də miqrasiya və inklüziv şəhər mühiti ilə bağlı mövzular üzrə sessiyalar keçiriləcək.

Bununla yanaşı, forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və UNAOC Gənclər Forumu da təşkil olunacaq.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et