Kurmanbek Jandarbekov adına Jetısay Dram Teatrı Bakıda qastrol səfəri çərçivəsində tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Qazaxıstan teatr kollektivi paytaxt tamaşaçılarına “Mənim dostum” adlı səhnə əsərini təqdim edəcək.
24media.az bildirir ki, bu səfər Jetısay Dram Teatrının Azərbaycanla bağlı ilk qastrol proqramıdır. Qastrol Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Qazaxıstandakı səfirliyi, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Türküstan Vilayəti Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir.
Səfər Azərbaycan və Qazaxıstan arasında mədəni əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, türk dünyası ölkələri arasında teatr əlaqələrinin genişləndirilməsi baxımından da əhəmiyyətli hesab olunur. Jetısay Dram Teatrı Qazaxıstanda özünəməxsus yaradıcılıq üslubu və sosial-mənəvi mövzulara toxunan tamaşaları ilə tanınır.
Bakıda nümayiş olunacaq “Mənim dostum” tamaşası insan qəlbinin dərinliklərinə toxunan, emosional yükü ilə seçilən səhnə işi kimi təqdim olunur və tamaşaçılara yaddaqalan anlar vəd edir.
Tamaşanın ideya müəllifi Nurjan Tutovdur. Səhnə versiyası və quruluş Abzal Maksimə, quruluşçu rəssam işi isə Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Baxıt Srailova məxsusdur. Layihənin rəhbəri “Dara” döş nişanı laureatı Oral Kamaldır.
Tamaşa dekabrın 15-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.
Aytac Musayeva
