İspaniyanın məşhur geyim brendi “Zara” qlobal miqyasda onlarla geyim mağazasını bağlamaq qərarı verib. Bu addım şirkətin pərakəndə satış strategiyasının yenidən qurulması ilə bağlıdır.
Məlumata görə, mağazaların bağlanması xərclərin optimallaşdırılması və rəqəmsal satışların gücləndirilməsi məqsədi daşıyır. Brend artıq əsas diqqəti iri formatlı mağazalara və onlayn platformaya yönəldir.
“Zara” rəhbərliyi hesab edir ki, müştərilərin alış vərdişləri dəyişib və getdikcə daha çox insan geyimi internet üzərindən sifariş etməyə üstünlük verir.
Ekspertlərin fikrincə, bu qərar təkcə “Zara” üçün deyil, ümumilikdə qlobal moda sənayesi üçün yeni mərhələnin göstəricisidir. Son illər bir çox iri moda evləri fiziki mağazaların sayını azaldaraq “e-commerce” və mobil tətbiqlərə sərmayəni artırır.
Qeyd edək ki, “Zara” mağazalarının bağlanması əsasən kiçik və az gəlir gətirən satış nöqtələrini əhatə edir. Şirkət eyni zamanda logistika, sürətli çatdırılma və rəqəmsal müştəri təcrübəsinin yaxşılaşdırılmasına yatırım etməyi planlaşdırır.
Bu dəyişikliklər “Zara”nın gələcəkdə daha tez, texnoloji və rəqəmsal yönümlü brend kimi fəaliyyət göstərməsinə xidmət edəcək.
Mənbə: the-sun.com
Tərcümə etdi: Şehrin Musayeva
