Rumıniya Vəkillər Kollegiyasının dəvəti ölkənin paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib.
24media.az bildirir ki, görüş zamanı səfirliyin heyəti ilə fikir mübadiləsi aparılıb, hüquq və vəkillik sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayaraq vəkillik sahəsində əməkdaşlığın genişləndirilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Anar Bağırov səfərin əsas məqsədinin Azərbaycan və Rumıniya arasında vəkillik sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu qeyd edib. O, Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və vəkillik institutunun inkişafı istiqamətində aparılan islahatlardan bəhs edib.
Görüşdə Rumıniyanın Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə sistemində həyata keçirilən islahatlar və praktiki tətbiqlər barədə məlumat verib, Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq imkanlarından danışıb.
Sonda Anar Bağırov səfirliyə Kollegiyanın rəsmi emblemini və Konstitusiya kitabını hədiyyə edib.
Aytac Musayeva
