Bu gün:

Tayland-Kamboca sərhədində gərginlik davam edir


ABŞ Prezidenti Donald Trampın Tayland və Kambocanın atəşkəs barədə razılığa gəldiyini açıqlamasından bir neçə saat sonra iki ölkə arasında silahlı toqquşmalar yenidən davam edib. Şənbə günü səhər saatlarında sərhəd bölgəsində artilleriya atəşləri və bombardmanların olduğu bildirilib

Taylandın Baş naziri Anutin Çarnvirakul Trampa bildirib ki, atəşkəs yalnız Kambocanın bütün qüvvələrini geri çəkməsi və sərhəddəki minaları təmizləməsindən sonra mümkün ola bilər. O, Taylandın öz ərazisi və əhalisi üçün təhlükə qalmayana qədər hərbi əməliyyatları davam etdirəcəyini vurğulayıb.

Kambocanın Müdafiə Nazirliyi Tayland qırıcılarının hotel binalarını və körpünü bombaladığını açıqlayıb. Tayland tərəfi isə Kambocanın raket hücumları nəticəsində mülki şəxslərin yaralandığını bildirib. Yenidən alovlanan döyüşlərdə azı 21 nəfər həlak olub, hər iki ölkədə ümumilikdə 700 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Tramp sosial şəbəkədə tərəflərin “atəşi dərhal dayandırmaq” barədə razılığa gəldiyini yazsa da, Tayland və Kamboca rəsmiləri açıqlamalarında yaxın vaxtlarda atəşkəsin tətbiq olunacağını təsdiqləməyiblər. Kamboca rəhbərliyi isə ölkənin suverenliyini qorumaq üçün mübarizəni davam etdirdiklərini bildirib.

Qeyd edək ki, iki ölkə arasında 800 kilometrlik sərhədlə bağlı mübahisə yüz ildən çoxdur davam edir. Son gərginlik iyul ayında başlayıb və tərəflər bir-birini hücumlara başlamaqda ittiham edib. Buna baxmayaraq, bölgədə gərginliyin azaldılması istiqamətində real addımların atılmadığı müşahidə edilib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et