Bu gün:

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə görüş keçirilib


Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelik aparatlarının əməkdaşlarının iştirakı ilə cari ilin yekunlarına həsr olunan toplantı keçirilib.

24media.az bildirir ki, görüşdə 28 ölkəni təmsil edən 41 nümayəndə iştirak edib.

Toplantıda çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən bəhs edib. O bildirib ki, Azərbaycan bu Zəfər sayəsində yalnız suverenliyini və ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda beynəlxalq sülhün möhkəmlənməsinə töhfə verərək tarixi ədaləti təmin edib. Vətən müharibəsində qazanılan Qələbənin təkcə Azərbaycan və Ermənistan xalqları üçün deyil, ümumilikdə beynəlxalq ictimaiyyət üçün də sülhə xidmət edən mühüm amil olduğu qeyd edilib.

Görüş zamanı 2025-ci il ərzində hərbi əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verilib. Xüsusilə xarici ölkələrin hərbi attaşelərinin iştirakı ilə noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad, eləcə də Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən işğaldan azad edilmiş rayonlara təşkil olunan səfərlər diqqətə çatdırılıb. Bu səfərlərin məqsədinin həmin ərazilərdə aparılan bərpa, yenidənqurma və inkişaf işləri ilə tanışlıq olduğu bildirilib.

Toplantıda həmçinin növbəti il üçün planlaşdırılan fəaliyyətlər və perspektiv istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb, hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et