Səbail rayonunda bir neçə oğurluq faktı qeydə alınıb. 
Belə ki, vətəndaşlardan birinə məxsus çantadan Dənizkənarı Milli Park ərazisində yerləşən oturacaq üzərindən 190 manat nağd pul, bank kartları və şəxsi sənədlər oğurlanıb. Digər bir şəxs isə ödəmə terminalında unutduğu bank kartının naməlum şəxs tərəfindən ələ keçirilərək hesabındakı vəsaitin talanması ilə üzləşib.
24media.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində U.Əmiraslanova və R.Hüseynli qeyd olunan əməllərdə şübhəli bilinərək saxlanılıblar.
Rayon ərazisində keçirilən digər tədbirlər zamanı isə bir vətəndaşın ticarət mərkəzlərindən birinin qarşısında saxladığı velosipedin, başqa bir şəxsin isə qapısı açıq qalmış avtomobilindən mobil telefonunun oğurlanmasında şübhəli bilinən B.Abdullayev və F.Süleymanov da müəyyən edilərək polis tərəfindən tutulublar.
Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.
Fatimə Hüseynova
