“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”ya uyğun olaraq, İKT sahəsində karyera inkişafının dəstəklənməsi məqsədilə mərkəzləşmiş elektron karyera məsləhəti xidmətləri yaradılacaq.
24media.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirliyin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən vahid elektron karyera platformasının istifadəyə verilməsi planlaşdırılır. Sözügedən platforma vasitəsilə 2 min gəncin fərdi karyera məsləhəti alması, həmçinin bu dəstək sayəsində gənclərin İKT sahəsində işlə təminatı göstəricilərinin yüksəldilməsi nəzərdə tutulur.
2025-ci ilin əvvəlinə olan statistik göstəricilərə əsasən, bu sahədə çalışanların sayı təxminən 34 200 nəfər təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,2 faiz artımı göstərir. Eyni zamanda İKT sektorunda orta aylıq əməkhaqqı yüksələrək təxminən 1 890 manat səviyyəsinə çatıb. Bu artım həm dövlət, həm də özəl sektorda əməkhaqqının yüksəlməsini əks etdirir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən Strategiya sahibkarlıq mühiti üçün rəqəmsal infrastrukturun genişləndirilməsini, rəqəmsal transformasiyanın sürətləndirilməsini, innovasiyaya əsaslanan inkişafın təşviqini və rəqəmsal bacarıqların gücləndirilməsini hədəfləyir.
Aytac Musayeva
