Ağrı dağında heyvandarlığın, turizmin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə həyata keçirilən “turizm və təhlükəsizlik yolu” layihəsinin üçüncü mərhələsi tamamlanıb.

Daxili İşlər Nazirliyinin koordinasiyası ilə Iğdır Valiliyi tərəfindən inşa edilən yolun ilk iki mərhələsi artıq başa çatmışdır. Üçüncü mərhələnin də tamamlanması ilə marşrutun ümumi uzunluğu 75 kilometrə yüksəlib.
Yol Ağrı dağının Korhan bölgəsində, 5137 metr yüksəklikdən başlayır, iki dağ arasındakı Serdarbulak yaylasından keçərək Doğubayazıt sərhədinə qədər uzanır. Layihənin birinci mərhələsində 15,3 kilometr, ikinci mərhələsində isə 32,5 kilometr yol istifadəyə verilmişdi. Son mərhələ ilə birlikdə yolun tam inteqrasiyası Ağrı Xüsusi Vilayət İdarəsinin digər tərəfdə apardığı işlərlə təmin edilib.
Terror təhlükəsindən təmizləndikdən sonra Ağrı dağında təbiət idmanlarına maraq sürətlə artıb. Yeni yolun həm dağa çıxışı asanlaşdıracağı, həm də bölgəyə gələn təbiətsevərlərin və alpinistlərin sayını artıracağı gözlənilir.
Iğdır Xüsusi Vilayət İdarəsinin baş katibi Yüksel Kasım Çarman bildirib ki, yolun tamamlanması bölgənin turizminə, iqtisadiyyatına və təhlükəsizliyinə mühüm töhfə verəcək. O qeyd edib ki, 2023-cü ildə birinci mərhələ, 2024-cü ildə isə ikinci mərhələ bitirilmiş, son olaraq təxminən 30 kilometrlik üçüncü mərhələ də istifadəyə hazır vəziyyətə gətirilib.
Çarman deyib ki, yol Ağrı dağının çətin relyefinə giriş imkanlarını xeyli yaxşılaşdıracaq və yerli əhali üçün xüsusilə kənd təsərrüfatı və heyvandarlıq sahəsində əhəmiyyətli rahatlıq yaradacaq. O əlavə edib ki, yolun istifadəyə verilməsi gələcəkdə Zəngəzur Dəhlizinin açılması ilə bölgəyə türk respublikaları və qonşu ölkələrdən daha çox turist axınına şərait yaradacaq. Dağ idmanı, motokross, paraşütlə uçuş və xizək idmanı üçün əlverişli imkanlar da bölgənin cazibəsini artıracaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
