Onlayn geyim satış markası “Asos” satışdakı azalmanı dayandırmaq və müştəriləri yenidən özünə cəlb etmək üçün süni intellektlə işləyən stilistləri sınaqdan keçirməyə başlayıb.
Şirkət bildirib ki, 31 avqusta qədər olan bir ildə satışlar 12% azalıb və şəhər analitikləri növbəti ildə də satışların düşəcəyini gözləyir.
“Asos” hazırda “Sənin üçün tərtib edilib” adlı sistemi sınaqdan keçirir. Bu sistem 100 min seçilmiş geyim nümunəsi üzərində öyrədilmiş süni intellektdən istifadə edir və müştərinin artıq aldığı və ya axtardığı məhsullara uyğun kombinasiyalar təklif edir.
Məsələn, loyallıq proqramına qoşulmuş bir alıcı geyimlə bağlı məsləhət istəyirsə, "Asos" tətbiqindəki süni intellekt stilisti həmin geyimi pencəklə və hündür daban ayaqqabılarla daha rəsmi, yaxud sviter və idman ayaqqabıları ilə daha gündəlik formada tamamlamanı tövsiyə edə bilər.
Təkliflər həm müştərinin alış tarixçəsinə, həm də "Asos"-un trendə uyğun məhsul seçiminə əsaslanır. Bundan əlavə, sayt bütün istifadəçilərə avtomatik olaraq ayrıca tövsiyə lentində təkliflər göstərir.
Pərakəndə sektorunda bir çox şirkətlər alış-veriş təcrübəsini yaxşılaşdırmaq üçün bu texnologiyaya üz tutur. Məsələn, “Marks və Spenser” ötən il müştərilərə bədən quruluşu və stil seçiminə uyğun geyim tövsiyələri verən süni intellekt alətini istifadəyə verib.
“Asos” həmçinin dizayn prosesini sürətləndirmək üçün də süni intellektdən istifadə edir. Sistem bir məhsulun model üzərində və ya müxtəlif rənglərdə necə görünəcəyini əvvəlcədən göstərir.
Şirkət bildirib ki, endirimlərin azaldılması və çox məhsul qaytarıb az alış edən ziyanlı müştərilərin qarşısının alınması da satışların azalmasına təsir edib. Bununla yanaşı, zəif iqtisadi şərait də bu enişi gücləndirib. Buna baxmayaraq, “Asos”-un illik vergiöncəsi zərəri 379 milyon funt sterlinqdən 282 milyon funt sterlinə düşüb.
Baş direktor Xose Antonio Ramos Kalamonte bildirib ki, məqsədi “Asos"-u təkcə alış-veriş yeri deyil, ilham və stil mənbəyinə çevirməkdir.
Pandemiya dövründəki satış artımından sonra mağazaların açılması şirkəti 1 milyard funt sterlinq dəyərində artıq məhsulla baş-başa qoyub və sonrasında “Shein” və “Next” kimi rəqiblərin güclənməsi "Asos"-un artıq üç ildən çoxdur ki, zərərlə işləməsinə səbəb olub.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
