Bu gün:

Nigeriyada kütləvi məktəb basqınları narahatlıq yaradıb


Nigeriyanın Niger ştatında yerləşən St. Mary Katolik Məktəbinə silahlı şəxslərin hücumu ölkədə ciddi təhlükəsizlik böhranını bir daha gündəmə gətirib. Hadisə Papiri kəndində baş verib və silahlılar məktəbə daxil olaraq 303 şagird və 12 müəllimi girov götürüblər. Bu barədə məlumatı Nigeriya Xristianları Birliyi (CAN) yayıb.İlkin məlumatlarda oğurlananların sayının 215 olduğu bildirilib, lakin məktəb rəhbərliyinin apardığı yenidən sayım nəticəsində rəqəmin xeyli daha yüksək olduğu müəyyən edilib. Oğurlananlar arasında həm oğlan, həm də qız şagirdlərin olduğu, onların böyük hissəsinin 10–18 yaş aralığında olduğu qeyd edilir.

Hücumdan dərhal sonra təhlükəsizlik qüvvələri və yerli könüllü dəstələr genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlayıblar. Rəsmilər bildiriblər ki, bölgədə silahlı qruplaşmaların fəallaşması son aylarda artıb və bu cür hücumlar təkrarlanma riski daşıyır.

Bu hadisə Nigeriyada son günlərdə baş verən ikinci böyük qaçırma faktıdır. Ondan əvvəl Kebbi ştatında 25 məktəbli qızın oğurlanması ölkədə məktəb təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirib.

Rəsmilər və ictimai təşkilatlar məktəblərin mühafizəsinin təcili olaraq gücləndirilməsini, hökumətin isə silahlı qruplara qarşı daha sərt tədbirlər görməsini tələb edirlər. Hadisə ölkədə təhsil sisteminin təhlükəsizliyi və insan alveri ilə mübarizə mövzularını yenidən gündəmin ön sırasına çıxarıb.

Mənbə: Theguardian.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et