Bu gün:

“Qan yağışı” Almaniyanın Hamm şəhərini qırmızı rəngə boyayıb


Sahara səhrasından qalxan toz kütləsi minlərlə kilometr yol qət edərək Almaniyanın Hamm şəhərinə çatıb və şəhərin üzərinə qırmızı çöküntü şəklində düşüb.

Həftəsonu baş verən hadisə nəticəsində avtomobillər, eyvanlar və bağ sahələri nazik qırmızı toz təbəqəsi ilə örtülüb. Bu vəziyyət şəhər sakinləri arasında narahatlıq yaradıb.

Şimali Afrikadan gələn Sahara tozu Hammda qızılı-qırmızı rəngli görünüş yaradıb. Sakinlər eyvanlarında, dam örtüklərində və zibil qutularında toz yığılmasını müşahidə ediblər. Bockum-Hövel rayonunda yaşayan bir sakin bildirib ki, toz nəfəs almağı çətinləşdirə və açıq pəncərələrdən evə daxil ola bilər.

Almaniya Meteorologiya Xidmətinin mütəxəssisi Harald Flentje deyib ki, bu toz əsasən kvars, alüminosilikatlar və pas hissəciklərindən ibarətdir və zəhərli sayılmır. Bununla belə, 2,5 mikrometrdən kiçik hissəciklərin çoxluğu həssas insan qrupları üçün risk yarada bilər.

Bu "qan yağışı" necə yaranır?

Sahara bölgəsindəki güclü hava hərəkətləri qumu havaya qaldırır. Bu hissəciklər 5 kilometrə qədər yüksəlib atmosferdə uzun müddət qala bilir. Küləklər onları Mərkəzi Avropaya gətirdikdə və yağışla qarışdıqda yerə qırmızı rəngli “qan yağışı” şəklində düşür.

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et