ABŞ Konqresinin hər iki palatası Ədalət Departamentinin məhbus cinsi cinayətkar Cori Epştaynla bağlı sənədlərini ictimayətə açıqlamaq barədə qanun layihəsini təsdiqləyib. Bu, Kapitolidə nadir hallarda müşahidə edilən partiyalararası razılıq anı kimi qiymətləndirilir.

Nümayəndələr Palatasında keçirilən səsvermədə qərar 427 lehinə, 1 əleyhinə səslə qəbul edilib. "Əleyhinə" səsi Louisiana ştatından olan Respublikaçı nümayəndə Kley Hiqinsdən gəlib. O, partiyasının mövqeyinə zidd olaraq bu addımın "prinsipial" olduğunu bildirib. Hiqins sosial şəbəkə X-də (əvvəlki Twitter) paylaşımında qeyd edib: "Üç ay əvvəl qanun layihəsində səhv olan bu gün də səhv olaraq qalır. O, Amerikada 250 illik cinayət məhkəməsi prosedurundan imtina edir".
Səsvermədən saatlar sonra ABŞ Senatı da qanunvericiliyi rəsmi səsvermə keçirmədən sürətləndirilmiş qaydada təsdiqləyib. Bu, qanunun son mərhələyə – Donald Trumpın imzasına qədər irəli getməsinin yolunu açıb.
Bu qərar Prezident Donald Trumpın öz mövqeyini dəyişərək dəstəkçilərinin təzyiqi nəticəsində Konqresi sənədləri açıqlamağa səsləməsindən cəmi bir neçə gün sonra gəlib.
Keçən həftə 20 mindən çox səhifədən ibarət arasında prezidentin adının da çəkildiyi bəzi sənədlər ictimayətə açıqlandıqdan sonra Trump və onun Epştaynla əlaqələri yenidən manşetlərə çıxıb. Ağ Ev isə hər hansı bir günahkarlığı təkzib edib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
