Polşa Baş naziri Donald Task bildirib ki, ölkənin dəmir yolu xəttində baş verən iki diversiya aktı arxasında uzun müddətdir Rusiya kəşfiyyatına işləyən iki ukraynalının dayandığı müəyyən edilib. O, şübhəlilərdən birinin Ukraynada qiyabi olaraq diversiya əməlində ittiham olunaraq məhkum edildiyini deyib.

Baş nazirin sözlərinə görə, ilk hadisə 15 noyabrda Mika kəndi yaxınlığında baş verib. Hərbi tipli C4 partlayıcısının işə düşməsi nəticəsində yük qatarının vaqonlarından birinə yüngül zərər dəyib, lakin maşinist partlayışı hiss etməyib. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Digər diversiya isə 17 noyabrda Pulavi yaxınlığında yaşanıb. Sərnişinlərlə dolu qatar zədələnmiş infrastruktur səbəbindən qəfil dayanmağa məcbur olub. Task bildirib ki, məqsəd böyük dəmir yolu qəzası törətmək olub.
Şübhəlilərin hər ikisinin payızda Belarusdan Polşaya keçdiyi, sonra isə yenidən Belarusun Terespol sərhəd-keçid məntəqəsindən ölkəni tərk etdiyi açıqlanıb. Polşa rəsmiləri diversiyanın Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirildiyini ehtimal edib.
Hadisələrdən sonra Polşa hökuməti bəzi dəmir yolu xətlərində təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı qərar verib. Ölkənin dəmir yolu şəbəkəsi Ukraynaya humanitar və hərbi yardım daşımalarında əsas rol oynadığı üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib hesab olunub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
