100-ü polis əməkdaşı olmaqla, ən azı 120 nəfər Meksika şəhərində hökumət əleyhinə etirazlar zamanı baş verən toqquşmalarda xəsarət alıb. Bu barədə şəhər polisi məlumat verib.

Şənbə günü paytaxtda minlərlə insan zorakı cinayətlərin artmasına və Prezident Klaudiya Şeinbaum hökumətinə etiraz etmək üçün küçələrə çıxıb.
Prezident Şeinbaum bildirib ki, paytaxtda və digər şəhərlərdə keçirilən yürüşlər onun hökumətinə qarşı olan sağçı siyasətçilər tərəfindən maliyyələşdirilib.
Aksiyanı əsasən “Gen Z” gənclik qrupları təşkil edib. Etirazlara yüksək səviyyəli qətllərdən narazı olan vətəndaşlar da qoşulub. Onların arasında bir neçə həftə əvvəl Uruapan meri Karlos Manzonun qətli xüsusilə qəzəb yaradıb. Mer kartellərə qarşı sərt tədbirlər tələb edirdi.
Etirazçılar prezidentin yaşadığı Milli Sarayı qoruyan baryerin bəzi hissələrini söküblər. Sarayı mühafizə edən polis kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Şəhərin təhlükəsizlik rəhbəri Pablo Vasquez jurnalistlərə bildirib ki, qarət və hücum da daxil olmaqla müxtəlif ittihamlarla 20 nəfər saxlanılıb.
Etirazçılar “Hamımız Karlos Manzoyuq” şüarlarının yazıldığı plakatlar qaldırıb, bəziləri isə ona hörmət əlaməti olaraq kovboy papağı taxıb. Manzo 1 noyabrda Ölülər Günü festivalında iştirak edərkən güllələnmişdi.
O, şəhərində fəaliyyət göstərən narkotik qaçaqmalçıları və kartel zorakılığını açıq şəkildə tənqid etməsi ilə tanınırdı.
Mer ölkəni qorxu altında saxlayan silahlı kartel üzvlərinə qarşı sərt tədbirlər görülməsi üçün çağırış edirdi.
Prezident Şeinbaum kartellərə qarşı mübarizə aparsa da, əvvəlki rəhbərlərin həyata keçirdiyi və qanlı nəticələrə səbəb olan “narkotiklərlə müharibə” siyasətini yenidən tətbiq etmək çağırışlarını rədd edir.
Aksiya ərəfəsində prezident nümayişin onlayn botlar tərəfindən təşviq olunduğunu demişdi.
“Əgər gənclərin tələbləri varsa, söz və etiraz azadlığını dəstəkləyirik, amma burada əsas məsələ bu nümayişi kimin təşkil etməsidir”, – deyə o brifinqdə bildirib.
“O, əlavə edib ki, “İnsanlar bilməlidir ki, bu aksiyanın təşkilində kimlərin əli var ki, heç kim istifadə olunmasın”.
Mənbə: BBC
Tərcümə: etdi Nuray Ədilzadə
