Liviya sahillərində Avropaya keçmək istəyən miqrantları daşıyan iki qayığın batması faciəyə səbəb olub. Liviya Qırmızı Xaçının məlumatına görə, birinci qayığın içərisində 26 nəfər olub və onlardan dördünün - Banqladeş vətəndaşlarının cəsədi tapılıb. Qayıqdakı digər sərnişinlər barədə məlumat açıqlanmayıb.

İkinci qayığın 69 miqrant daşıdığı bildirilsə də, onların taleyi hələlik müəyyən edilməyib. Qrupun əsasən Sudan və Misir vətəndaşlarından ibarət olduğu qeyd edilir.
Hadisə Aralıq dənizi marşrutu ilə edilən qeyri-qanuni miqrasiya cəhdlərinin nə qədər təhlükəli olduğunu bir daha göstərib. Beynəlxalq təşkilatlar təhlükəsiz və qanuni keçid imkanlarının artırılmasının vacibliyini vurğulayıb.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
