ABŞ Ədliyyə Nazirliyi Trampın tapşırığından sonra Ceffri Epşteynin Bill Klinton və bir neçə böyük bankla iddia edilən əlaqələrini araşdırmağa başlayıb. Prezident Tramp Baş prokuror Pam Bondiyə və FBI-ya Epşteynin siyasi və maliyyə dairələri ilə münasibətlərinə baxılması üçün müraciət edib.

Araşdırma Epşteynə aid minlərlə elektron məktubun Konqres tərəfindən açıqlanmasından sonra gündəmə gəlib. Bu sənədlərin bir çoxunda Trampın adı keçir. Demokratlar isə prezidentin bununla öz əlaqələrinə dair suallardan yayınmağa çalışdığını bildiriblər. Klinton və JPMorqan isə hər hansı qanunsuz əlaqəni qəti şəkildə təkzib ediblər.
Bondi bildirib ki, araşdırmaya ABŞ prokuroru Cey Kleyton rəhbərlik edəcək. Bununla yanaşı, sənədlərin ictimaiyyətə tam açıqlanması ilə bağlı gələn həftə Nümayəndələr Palatasında səsvermə keçiriləcək. Lazımi 218 imza artıq toplanıb və bir neçə Respublikaçı da Demokratlara qoşulub.
Epşteynin qurbanları və onların ailələri Konqresi sənədlərin açıqlanmasını dəstəkləməyə çağırıb. Bu məsələ Respublikaçılar arasında da fikir ayrılığı yaradıb. Belə ki, Marjori Teylor Qrin açıq şəkildə sənədlərin üzə çıxarılmasını müdafiə etdiyi üçün Tramp onu tənqid edib və dəstəyini geri çəkib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
