Renessans dövrünün işıqlı əlyazmalarından biri hesab olunan İncil Vatikanın Müqəddəs İl bayramları zamanı Romada nümayiş olunub. İki cilddən ibarət Borso D’Este İncili qızıl və Əfqanıstan lapis lazuli daşları ilə bəzədilmiş zəngin miniatür rəsmləri ilə tanınır. Əsər İtaliya Senatında təqdim olunub və 16 yanvaradək orada nümayiş etdiriləcək.
İncil adətən Modenadakı kitabxanada xüsusi seyfdə saxlanılır və ictimaiyyətə nadir hallarda göstərilir. Romaya ciddi təhlükəsizlik tədbirləri altında gətirilən əsərin Senata çatdırılması televiziya ilə yayımlanıb: işçilər üzərində heç bir işarə olmayan furqondan iki böyük qırmızı sandıq çıxarıb, qabarcıq plyonka ilə örtülmüş cildləri diqqətlə təqdim ediblər.
Dük Borso D’Este tərəfindən sifariş edilən İncil 1455–1461-ci illər arasında xəttat Pietro Paolo Marone və rəssamlar Taddeo Crivelli ilə Franco dei Russi tərəfindən hazırlanıb. İtaliya Mədəniyyət Nazirliyi onu miniatür sənətinin ən yüksək ifadələrindən biri hesab edir və müqəddəs dəyəri, tarixi əhəmiyyəti, qiymətli materialları və incə estetikanı birləşdirən əsər kimi qiymətləndirir.
Roma sərgisi müddətində İncil rütubət keçirməyən şüşə arxasında saxlanılacaq, lakin ziyarətçilər onu ultra-yüksək keyfiyyətli görüntülərlə təmin edilmiş sensor ekranlar vasitəsilə rəqəmsal formada oxuya biləcəklər.
Modenada yerləşən və İncilin adətən saxlandığı "Gallerie Estense" muzeyinin direktoru Alessandra Necci onu “işıqlı əlyazmaların Mona Lizası” adlandırıb. O bu ifadəni əsərin incə sənətkarlığı və dini ilhamına görə seçib.
Vatikanın Yubiley bayramlarına rəhbərlik edən Arxiyepiskop Rino Fisichella isə cümə axşamı keçirilən təqdimatda ziyarətçilərin Borso D’Este İncilinin gözəlliyini gördükdən sonra öz İncillərini oxumağa həvəslənəcəklərini düşündüyünü deyib.
O bildirib ki, kitabın əzəməti insanı yalnız onun gözəlliyi üzərində düşünməyə deyil, həm də içindəki Allah kəlməsi üzərində təfəkkür etməyə sövq edir.
İncil Borso D’Este tərəfindən imanını və öz nüfuzunu qeyd etmək məqsədilə sifariş olunub və 1859-cu ildə sonuncu hersoq Avstriya-Esteli V Francesco Vyanaya qaçarkən onu özü ilə aparana qədər Este ailəsində saxlanılıb. Bu məlumat İtaliya Senatının saytında İncilin tarixi bölməsində qeyd olunub.
Necci bildirib ki, Borso D’Este həmin dövr üçün olduqca böyük məbləğ xərcləyərək zamanının ən bahalı kitabını yaradıb. Hersoq bu dəbdəbə ilə yalnız müqəddəs kitabı deyil, həm də özünün və sülaləsinin ucalığını qeyd etmək istəyib.
İncil Birinci Dünya Müharibəsindən sonra Avstriya-Macarıstan imperiyası dağılsa da, Habsburqların mülkiyyətində qalıb. 1922-ci ildə Arxiyepiskop I Karl vəfat etdikdən sonra onun dul arvadı Burbon "Parmalı Zita" əsərini parisli antikvar satıcısına satmaq qərarına gəlib.
İtalyan sahibkar və incəsənət himayədarı Giovanni Treccani satış barədə xəbər tutaraq 1923-cü ildə Parisə gedib və 3.300.000 Fransa frankı ödəyərək İncilin sahibi olub. Bu gün İtaliyanın ən məşhur ensiklopediyalarının nəşri ilə tanınan Treccani daha sonra əsəri İtaliya dövlətinə hədiyyə edib.
Rəsmi şəxslərin sözlərinə görə, İncil hazırda xüsusi tənzimlənmiş vitrin içində saxlanılır. Bu vitrin sabit rütubəti qoruyan kondisioner sistemi ilə təchiz olunub ki, temperatur və rütubət dəyişikliklərinə həssas olan perqament səhifələr zədələnməsin.
Mənbə: AP news
Tərcümə etdi: Aydan Xudayarova
