24media.az "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinə istinadən məlumat verir ki, noyabrın 13-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəmə şirkəti “Azerbaijan Metal Company” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ) hazırlanması üzrə müqavilə imzalanıb.
"AzərGold" QSC xəbər verir ki, müqavilə “AzMC” MMC-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Sazişin ümumi dəyəri 1 510 000 ABŞ dolları təşkil edir.
Layihə çərçivəsində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi Şəmkir rayonu ərazisində inşası planlaşdırılan isti briketlənmiş dəmir zavodunun tikintisi və istismarı üçün əsas mərhələ hesab olunur. Sənədin dörd ay müddətində tamamlanması planlaşdırılır. Bu sənəd zavodun tikintisi layihəsinin maliyyələşdirilməsi istiqamətində beynəlxalq institutlar və banklar qarşısında əsas istinad rolunu oynayacaq. Hazırlanacaq TİƏ sənədi zavodun inşası üçün optimal texnoloji həllərin müəyyən edilməsini, tikinti və mühəndislik işlərinin planlaşdırılmasını, eləcə də tammiqyaslı işlənməsi üzrə növbəti mərhələlərin həyata keçirilməsini təmin edəcək.
"AzərGold" QSC-nin məlumatına görə, “Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye layihələrini icra edib.
Bu şirkət həmçinin dəmir filizlərinin işlənməsi ilə bağlı müəssisələrin qurulması və idarə olunmasında avadanlıqların birləşdirilməsi, müasir texnologiyaların tətbiqi və elmi yanaşmalar üzrə xidmətlər göstərir. Şirkət təhlükəsiz və ekoloji cəhətdən təmiz hasilat və emal üsullarından istifadə edərək Türkiyə, Avstraliya, Cənubi Afrika, Əlcəzair və Hindistan kimi ölkələrdə resursların səmərəli istifadəsini təmin edib.
Nərmin Məmmədzadə
