Bu gün:

Malidə TikTok influenceri ictimai şəkildə edam edilib


Malidə TikTok influenceri şübhəli cihadçılar tərəfindən ictimaiyyət qarşısında edam edilib. Mariam Sisse tez-tez hərbi geyimdə videolar çəkib və ölkənin ordusunu dəstəkləyib, 100 000-dən çox izləyicisi olub. Timbuktu bölgəsinin meri Yehia Tandina bildirib ki, Sisse bazarda naməlum silahlılar tərəfindən girov götürülüb. Növbəti gün isə gün batarkən həmin şəxslər onu Tonkadakı İstiqlal Meydanına gətirib və insanlarla dolu meydanda edam ediblər. Mer bildirib ki, Sisse ölüm hədələri alıb.

Heç bir qrup məsuliyyəti üzərinə götürməyib, amma Tonka bölgəsində fəaliyyət göstərən və əl-Qaidə ilə əlaqəli "Jama’at Nusrat al-Islam wal-Muslimin" (JNIM) qrupu şübhə altına düşüb. Dövlət televiziyasının hesabatına görə, “Bu gənc qadın sadəcə TikTok paylaşımları ilə icmasını tanıtmaq və Mali ordusunu insanların və əmlakın qorunmasında təşviq etmək istəyib”.

Malidə münaqişə 2012-ci ildə Tuareg üsyanı ilə başlayıb, sonradan əl-Qaidə və İŞİD-lə əlaqəli cihadçılar tərəfindən ələ keçirilib. Fransa rəhbərliyində müdaxilələr və BMT sülh missiyasına baxmayaraq, zorakılıq cənuba doğru yayılıb, ordu isə 2020 və 2021-ci illərdə çevrilişlərdən sonra ölkədə təhlükəsizliyi təmin etməkdə çətinlik çəkib.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov




Paylaş
Şərh əlavə et