Bu gün:

Luis Suarez: Çətinliklərdən zirvəyə gedən yol


Uşaqlığını yoxsul bir ailədə keçirən Luis Suarez 9 yaşında ailəsinə dəstək olmaq üçün küçə süpürgəçisi kimi işləməyə məcbur qalıb. Buna baxmayaraq, o, futbol oynamaqdan və məşq etməkdən heç vaxt yorulmayıb.

14 yaşında ikən Suarez Sofiya adlı bir qıza aşiq olub. Onların münasibəti qısa zamanda xüsusi bağa çevrilib və Sofiya futbolçunun həyatında çox önəmli yer tutub. O, hər zaman Suarezə dəstək verib və yanında olub.

Amma 2003-cü ildə Sofiya təhsil almaq üçün Barselonaya köçmək məcburiyyətində qalıb və bu, onların ayrılığına səbəb olub. Suarez həmin illəri belə xatırlayır: "Sofiya İspaniyaya köçəndə futboldan uzaqlaşdım. Amma o vaxt başa düşdüm ki, bu gözəl oyuna özümü tam həsr etməliyəm".

16 yaşında Suarez Sofiyanı görmək üçün Barselonaya səyahət etməyə qərar verir. Pulunun olmaması səbəbilə qardaşından borc alaraq uzun bir səfərə çıxır. Amma İspaniya hava limanında çətinliklərlə qarşılaşır - ziyarətin məqsədi qeyri-müəyyən olduğu üçün saatlarla dindirilməyə məruz qalır. Üstəlik, Sofiyanın ünvanı da onda olmadığına görə onunla görüşə bilmir. Buna baxmayaraq, o ruhdan düşmür və daha çox çalışır, daha çox məşq edir. Nəhayət, Niderlandın “Groningen” klubu onunla maraqlanmağa başlayır və məhz buradan etibarən onun həyatı dəyişir.  

Sonrası isə tarixdir...
Hər dəfə qol vurduqca, həmin qolu həyat yoldaşı Sofiyaya həsr edir. 

Bəziləri Suarezə meydanda etdiyi hərəkətlərə görə tənqid edə bilər, amma onun şəxsi həyatındakı yumşaq və dərin tərəfini çox az adam bilir.

Uruqvaydan Niderlanda, İngiltərədən İspaniyaya və Braziliyaya qədər getdiyi hər yerdə Suarez iz qoyub - qol vurub, fəth edib!

Mənbə: AZR organization 
Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş