Testosteron terapiyası yalnız qan analizləri və klinik əlamətlərlə sübut olunmuş hormonal çatışmazlığı olan kişilərə təyin edilir. Lakin TikTok və Instagram kimi platformalarda yayılan videolarda testosteron “enerji, diqqət və cinsi istəyi artıran həyat tərzi əlavəsi” kimi təqdim olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, testosteronu tibbi göstəriş olmadan qəbul etmək bədənin təbii hormon istehsalını azalda, sonsuzluq, qan laxtalanması və ürək-damar problemləri riskini artıra bilər.
İmperial Kollecin professoru Çanna Ceyasena bildirib ki, sosial mediada yayılan bu təbliğat nəticəsində hər həftə onlarla kişi səhv məlumatla klinikalara müraciət edir:
“Biz əvvəllər adrenal problemlər və diabet xəstələrini görürdük, indi isə bu cür hallarla klinikalar doludur”.
Araşdırmalar göstərib ki, bəzi TikTok influenserləri xüsusi klinikalarla əməkdaşlıq edərək qan testlərini reklam edir və endirim kodları paylayırlar. Halbuki, Britaniya qanunvericiliyinə əsasən, reseptlə satılan dərmanların reklamı qadağandır.
Xüsusi klinikalar testosteron terapiyasının ilk ili üçün 1 800–2 200 funt sterlinq arası ödəniş tələb edir. Bu, dərman, konsultasiya və monitorinqi əhatə edir.
Ekspertlər bildirirlər ki, bir çox kişi sadəcə “muskullu olmamaq” və ya “yorğunluq hissi” kimi səbəblərlə test verir, halbuki bu simptomlar mütləq aşağı testosteron demək deyil.
Ceyasena deyib:
“Bu, ciddi səhvdir. Testosteronu normada olan kişilərə vermək yalnız sağlamlığa zərər gətirir və testislərin fəaliyyətini boğur”.
Mənbə:The Guardian
Tərcümə etdi:Rəna Qarayeva
