Bu gün:

44 Günün qəhrəmanlıq salnaməsi – Millət vəkili ilə Zəfər Günü söhbəti


 

24Media.az-ın budəfəki müsahibi Millət vəkili Aydın Mirzəzadədir. O, 44 günlük müharibənin siyasi nəticələri və Azərbaycanın beynəlxalq arenadakı mövqeyinə təsirini dəyərləndirib.

   


Qarabağ Zəfərindən artıq beş il keçir. Siz bu illəri necə dəyərləndirirsiniz, ölkəmiz ötən dövrdə hansı əsas mərhələlərdən keçdi?

-Zəfərimiz Azərbaycan xalqının uzun illər etdiyi ciddi hazırlıq nəticəsində baş verdi. Hazırlığa strateji xətti əvvəlcə Ulu Öndərimiz sonra isə Prezident Cənab İlham Əliyev qoydu. Xalq və hakimiyyətin birliyi, qeyri-neft sektorunun inkişafı, insanların maraqlarının dövlətin maraqları kimi qəbul edilməsi, güclü ordu yaradılması 44 gün ərzində torpaqlarımızın əhəmiyyətli bir hissəsini işğaldan azad etdi. 1 günlük anti-terror əməliyyatı nəticəsində Azərbaycanda separatçı quruma son qoyuldu.

İşğaldan azad olunan kimi həmin ərazilərdə Azərbaycan dövlətinin nəzarəti gücləndirildi, aydın oldu ki, torpaqlarımızın böyük bir hissəsi minalanıb və bu, insanların qayıtmasına təhlükə yaradacaq. Ona görə də Azərbaycan minatəmizləmə işinə çox ciddi yanaşdı və böyük sahələr minalardan təmizlənərək dövlətin istifadəsinə verildi.

Ötən müddət ərzində 20-dən çox yaşayış məntəqəsinə 20 mindən çox qaçqın qayıdıb, 30 mindən çox insan orada ya quruculuq işlərindəç ya da infrastrukturda fəaliyət göstərirlər. Yəni torpaqların məskunlaşması sonraya saxlanılmayıb, qısa bir müddətdə həyata keçirilməyə  başlayıb. İlk növbədə daha böyük kəndlər və ən əsası isə rayon mərkəzlərinin bərpa edilməsi əsas məsələlərdən biri kimi götürüldü.  3 yeni aeroport tikildi, bərpa edilmiş şəhərlərdə beynəlxalq tədbirlərin keçirilməsi praktika halını alıb. Şuşada, Laçında, Xankədidə sammitlərin, beynəlxalq forumların keçirilməsini görürürk. 

Ağıllı kənd, ağıllı şəhər modeli ilk dəfə həmin zonalarda tətbiq edildi. Həmin zonalar ilk dəfə yaşıl energetika və elektrik enerjisi ilə təmin edilirlər. Azərbaycanın digər rayonlarında yaşayanlar da nə vaxtsa həmin torpaqlara köçərək həmin torpaqlarda yaşamaq arzularını dəfələrlə bildirmişlər. Əgər əvvəllər quruculuq işləri sosial obyektlər tikintisi, mənzillər ancaq dövlət vəsaiti hesabına edilirdisə ötən il qəbul edilən “Dövlət Özəl Sektor Əməkdaşlığı” qanunu artıq özəl sektorun da orada investisiya yatırmasına imkan yaradır. Özəl sektor bundan kifayət qədər çox ciddi yararlanır. Həmçinin geri qayıdan vətəndaşlarımızın  özlərinin biznesinin qurması üçün də böyük şəraitlər yaradılıb. Bir sözlə, işğaldan azad olunan ərazilərimizdəki quruculuq işləri Azərbaycan dövlətinin gücünü, xalqımızın torpağına olan sevgisini və gələcəkdə Azərbaycanın quruculuq işlərinin müasir modelini görmək imkanı verdi. 

Eyni zamanda təftiş edildi ki, Ermənistan torpaqlarımızdakı bütün yaşayış yerlərini yararsız hala salıb, kommunikasiyalar çıxarılıb, ətraf mühitə, ekologiyaya  çox böyük zərər vurub. Tarixi abidələri erməniləşdirmək cəhdləri də kifayət qədər güclü idi. İşğal edilmiş ərazilərdə olan 67 məsciddən 65-i dağıdılmışdı. Amma bütün bunlara baxayaraq, Azərbaycan addımbaaddım əhalini həmin ərazilərə köçürməyə başladı. İlk köçürülən kənd Zəngilanın Ağalı kəndi oldu. 

 2020-ci ilin hadisələrinə nəzər saldıqda, sizcə, Azərbaycan xalqının birliyinin və dövlətin siyasi iradəsinin qələbədə rolu nədən ibarət idi?

-Qələbənin əsas məğzi, gücü, energetikası məhz Azərbaycan xalqının torpaqların geri qayıdacağına olan inamı idi. İnsanlar böyük həvəslə hərbi xidmətə gedir, ali hərbi məktəblərdə zabit peşəsinə yiyələnirdilər. Həm 44 günlük müharibədə, həm də 1 günlük anti-terror əməliyyatında mülki vətəndaşlarda belə döyüşlərə getmək arzusu kifayət qədər böyük idi. 2020-ci ildə Tovuz hadisələrindən sonra 10 minlərlə Azərbaycan gənci hərbi səfərbərlik şöbəsinə gələrək hərbi əməliyyatlar olarsa, könüllü kimi vuruşacaqlarını bildirdilər. Bu gün Azərbaycan xalqı həmin qəhrəmanları tanıyır. 3 mindən çox igid canını Azərbaycanın suverenliyi, bayrağımızın dalğalanması üçün verdi. Azərbaycan dövləti, xalqı həmin igidləri unutmur. Onların əziz xatirəsi həmişə qəlbimizdədir.

 

Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın iqtisadi və siyasi mövqeyinə hansı yeni imkanlar qazandıra bilər?

-Azərbaycan dünya praktikasından irəli gələrək həmin yoldan təhlükəsiz keçməyimizi tələb edir.  Həmin yoldan biz nə gömrük rüsumu, nə də sərhəd yoxlaması ilə keçməliyik. Dünya praktikasında belə olduqda onlar üçün yaşıl işıq yandırılır. O başqa dövlətlər üçün gömrük və sərhəd tələbləri ola bilər. Yəni bu bəndlər, prinsiplər Azərbaycan dövlətinin tələbidir. 

Ermənistan uzun müddət həm terminin, həm də o yolun açılmasının əleyhinə çıxdı. Ancaq beynəlxalq dairələrin, xüsusilə də Amerikanın təzyiqi Ermənistanı həqiqəti qəbul etməyə məcbur etdi. Eyni zamanda Ermənistanın müəyyən qrupları dərk etdilər ki, həmin yolun açılması Ermənistan iqtisadiyyatı üçün olduqca faydalıdır. Bu, on minlərlə iş yeridir, bu, Ermənistan ərazisindən keçən xarici ölkə vətəndaşlarının və yüklərinin gömrük rüsumu tutulmasıdır. Ermənistan artıq Azərbaycan vasitəsilə həmin marşrut boyu digər ölkələrə keçəcək. 


Azərbaycanın 2020-ci ildən tələb etdiyi Zəngəzur dəhlizi artıq Ermənistan tərəfindən də qəbul edilməyə başlanır və Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmaq təklifini Vətən müharibəsindən dərhal sonra etmişdi. Ermənistan həmin müqavilə mətninə keçmiş Dağlıq qarabağ problemini salmağa, Azərbaycan üzərinə bizim suverenliyimizə zidd olan öhdəliklərin qoyulmasına çalışırdı, amma Cənab Prezident bunların hamısına böyük müqavimət göstərərək həmin tələbləri rədd etdi. Paraflanan sülh müqaviləsi bu gün ölkələrimiz arasında normal qonşuluq münasibətlərinin qurulmasına əsas rol oynaya bilir. Əgər Ermənistan öz konstitusiyasında Azərbaycan ərazilərinə iddilar olan bölmələri çıxaracaqsa, sülh müqaviləsi yaxın zamanlarda imzalana bilər. Digər tərəfdən cənab prezidentimizin bu günlərdə Qazaxıstandan Ermənistana gedən taxıl yükünün keçməsinə icazə verməsi Azərbaycanı xoşməramlı göstərir. Azal təyyarəsi ilə İrəvana uçaraq orada erməni ekspertlərlə ikitərəfli görüşlərin keçirilməsi də göstərir ki, azərbaycan ermənistanla normal münasibətlərə dair öz ciddi məramını ortaya qoyur.  Cavab hərəkəti Ermənistandadır. Əgər bu beynəlxalq hüquqa uyğun, bizim müstəqilliyimizə, suverenliyimizə zidd olmayan cavablar olacaqsa, hesab edirəm ki, bundan, o cümlədən, Ermənistan da qazanacaq. Olmayacaqsa, Azərbaycan, əlbəttə ki, öz suveren hüquqlarını qorumaq üçün hər zaman beynəlxalq hüquqa istinad edəcək. 


 Dəhlizin açılması Orta Asiya ilə, hətta Uzaq Şərqlə enerji və nəqliyyat əməkdaşlığında hansı dönüş nöqtəsini yarada bilər?

-Bu dəhliz təkcə Azərbaycana və Ermənistana lazım deyil. Bu, Çindən başlayaraq Avropaya gedən orta dəhlizin çox əhəmiyyətli bir hissəsi ola bilər. Bu gün Avropanın aldığı məhsulun bir çoxu Çindən, Cənub-Şərqi Asiyadan, Mərkəzi Asiyadandır. Bunların Avropaya çatdırılmasında ən qısa yol məhz Azərbaycandan keçən, eyni zamanda  Zəngəzur dəhlizini əhatə edən yoldur. 

Digər yollar hava nəqliyyatı bahadır, Rusiyadan keçən yol bu gün qərblə Rusiya arasında olan qarşıdurmaya görə real görünmür. Gəmi ilə isə Qırımızı dənizdə olan pirat hücumları bunu çox təhlükəli edir. Qərb, o cümlədən Çin bu gün orta  dəhlizin açılmasında maraqlıdır. Bu yüklərin daşınmasında həmin dəhliz keçən ölkələrin iqtisadiyyatının modernləşdirilməsidir, milyonlarla iş yerinin yaradılmasıdır. Dünyanın bu hissəsində uzunmüddətli və ciddi bir sülhün bərqərar olmasıdır. Bir sözlə, ölkəmizin təklifi tək Azərbaycan üçün deyil, demək olar ki, dünyanın yarısı üçün çox əhəmiyyətlidir.

 

Qarabağ Zəfəri və Zəngəzur dəhlizi Azərbaycanın gələcək regional liderliyinə hansı yeni məsuliyyətlər yükləyir?

-Azərbaycan tarixən bu regionda əsas ölkə və ərazi idi. Müstəqillik qazandıqdan sonra  bu bir daha yəqin edildi. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bunu birmənalı qəbul etdilər. Regionun, Cənubi Qafqazın iqtisadiyyatının 80 faizindən çoxu Azərbaycan iqtisadiyyatını əhatə edir. Bu gün sülhün bərqərar olunması Azərbaycandan asılıdır.  Bu gün regional iqtisadi  layihələr Azərbaycanın təşəbbüsü ilə edilir və eyni zamanda Azərbaycan Avropanın həm neft, qazla, həmçinin bir qrup ölkənin elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayır. Yəni Azərbaycan faktoru ciddidir.  Bizim inkişaf etmiş iqtisadiyyatımız, hazırlıqlı kadr ordumuz, dünyanın əsas prinsiplərini özündə ehtiva edən bir cəmiyyətimiz var. Azərbaycanın təklifləri də gec-tez region ölkələri və  dünya tərəfindən qəbul edilir. Bu baxımdan Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması tələbi də tamamilə ədalətlidir. Bu olduqdan sonra biz əminliklə deyə bilərik ki, Azərbaycanın Cənubi Qafqazla bağlı olan regionlarda uzunmüddətli əməkdaşlıq və sülh çox ciddi sürətdə öz yerini  tapacaq.

Qarabağ Universiteti və yeni tikilən məktəblərin rolu barədə nə deyə bilərsiniz? Bu təhsil müəssisələri və məktəblər azad edilmiş ərazilərin sosial-iqtisadi və mədəni inkişafına, gənc nəsilin yetişdirilməsinə hansı töhfələri verəcək?

-Azərbaycan xalqı təhsilə çox bağlı bir xalqdır. Bu baxımdan keçmiş məcburi köçkünlər hələ öz torpqaqlarına qayıdışa hazırlaşərkən ilk növbədə orta məktəblərin inşasına, onların pedaqoji kadrlarla təmin olunmasına böyük rol verilirdi. Univeristetin yaradılması təkcə Qarabağ sakinləri üçün deyil, ümumilikdə Azərbaycan üçündür. Gələcəkdə isə orada xarici ölkə vətəndaşlarının oxuması, təhsil alması tamamilə gözləniləndir.  Universitet daxilində gələcəkdə tədiqiqat institutları, labaratoriyalar açılacaq. Universitet özünün idman klubları ilə  tanınacaqdır.

Orta məktəblər ən müasir tələblər səviyyəsində tikilir, pedaqoji kadrlarla təmin edilir. İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə, universitetlərdə işləmək istəyənlərin sayı həddən artıq çoxdur. Həmin məktəb məzunlarının 2021-ci ildən başlayaraq indiyə qədər  respublikanın müxtəlif ali məktəblərinə qəbulu sevindirici bir ənənəyə çevrilibdir. Bu göstərir ki, həmin ərazidə yaşayan insanlar yüksək və keyfiyyətli təhsillə təmin edilirlər.

Hazırladı: Nərmin Məmmədzadə

 

Paylaş
Şərh əlavə et