Teslanın rəhbəri Elon Maskın dəyəri 1 trilyon ABŞ dollarına (760 milyard funt sterlinq) yaxın ola biləcək rekord həcmdəki mükafat paketi səhmdarlar tərəfindən təsdiqlənib.

Bu misli görünməmiş müqavilə cümə axşamı şirkətin illik ümumi yığıncağında səslərin 75%-i ilə təsdiqlənib və auditoriyadan böyük alqış alıb.
Artıq dünyanın ən varlı insanı olan Mask elektrikli avtomobil şirkətinin bazar dəyərini növbəti 10 il ərzində kəskin şəkildə artırmalıdır. Əgər bunu bacarar və müxtəlif hədəflərə çatarsa, ona yüzlərlə milyon yeni səhm mükafat kimi veriləcək.
Potensial mükafatın həcmi tənqidlərə səbəb olsa da, Tesla şurası paket təsdiqlənməsəydi, Maskın şirkəti tərk edə biləcəyini və onu itirməyə haqqının olmadığını iddia edib.
Elan edildikdən sonra Mask Texasın Ostin şəhərindəki səhnəyə çıxıb və adının nidaları altında rəqs edib.
"Bizim başlayacağımız şey sadəcə Teslanın gələcəyinin yeni bir fəsli deyil, tamamilə yeni bir kitabdır",- o deyib.
Maskın mükafatını maksimuma çatdırmaq üçün gələcək onillikdə hədəfləməli olduğu mərhələlərə Teslanın bazar dəyərini hazırkı 1,4 trilyon dollardan 8,5 trilyon dollara qaldırmaq daxildir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
