Bu gün:

Kalmagey tufanı Filippin və Vyetnamda itkilərə səbəb olub


Filippin və Vyetnamı vurmuş Kalmagey tufanı azı 193 nəfərin ölümünə səbəb olub, yüzlərlə evi dağıdıb və minlərlə insanı evsiz qoyub. Fırtına Mərkəzi Vyetnam ərazisindən keçərək böyük ziyan vurub, daha sonra Kambocaya doğru hərəkət edib. 

Güclü küləklər ağacları kökündən qoparıb, dam örtüklərini dağıdıb, pəncərələri sındırıb. Minlərlə insan məktəblərdə və ictimai binalarda sığınacaq tapıb. Ordunun bölmələri zərərin aradan qaldırılmasına cəlb olunub. 


Vyetnam son bir həftə ərzində rekord yağıntılarla mübarizə aparıb, bu da daşqın riskini artırıb. Filippində isə tufanın əvvəlki zərbəsi nəticəsində bütün məhəllələr sel və palçıq axınları altında qalıb. Ölkədə fövqəladə vəziyyət elan edilib, itkin düşənlərin axtarışları davam etdirilir. 


Tufan yaxınlaşarkən Vyetnam ordusu yüz minlərlə insanı təxliyə edib, minlərlə texnika və aviasiya vasitəsini səfərbər edib. Bəzi hava limanları fəaliyyətini dayandırıb, yollar çöküntülərlə dolub. Dak Lak və digər bölgələrdə sakinlər evlərinin dağıldığını və su altında qaldığını bildiriblər. 


Hökumətlər təcrid olunmuş bölgələrə yardım karvanları göndərib, əhaliyə qida və içməli su çatdırılıb. Tufan bir çox şəhərdə gündəlik həyatı iflic edib və genişmiqyaslı bərpa işlərinə ehtiyac yaradıb. 


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et