Bu gün:

İspaniyada qara pişik sahiblənmək qadağan olunub


İspaniyanın Terrassa şəhərində "Cadılar Bayramı" dövrü qara pişiklərin pis niyyətli “rituallarda” istifadə edilməsinin qarşısını almaq məqsədilə onların sahiblənilməsi müvəqqəti olaraq qadağan olunub.

Terrassa Bələdiyyəsinin Heyvanlara Qayğı Mərkəzi tərəfindən verilən açıqlamada bildirilib ki, 6 oktyabr – 10 noyabr tarixləri arasında qara pişiklərin sahiblənilməsi və ya müvəqqəti baxıma götürülməsi ilə bağlı müraciətlər qəbul olunmayıb.

Açıqlamada qeyd olunub ki, bu qərar pişiklərin zərər görməsinin və yalnız “bəzək əşyası” kimi istifadə edilməsinin qarşısını almaq məqsədilə qəbul olunub.

Terrassa Bələdiyyə sədrinin müavini Noel Duque İspaniyanın dövlət televiziyası RTVE-yə açıqlamasında bildirib ki, Cadılar Bayramı dövründə qara pişiklərə maraq artıb: “Biz insanların bu pişikləri sadəcə keçici həvəs və ya dəbdə olduğu üçün sahiblənməsini istəmirik. Bu qərar həm də mümkün pis niyyətli halların qarşısını almaq məqsədi daşıyır,” – deyib.

Duque həmçinin Qərb mədəniyyətində qara pişiklərin çox vaxt bədbəxtlik və sehrbazlıqla əlaqələndirildiyini xatırladıb.

Mənbə: Anadolu Ajansı

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et