Beynəlxalq onlayn geyim brendi "Shein" Fransada, Parisin mərkəzindəki BHV Marais ticarət mərkəzində ilk daimi mağazasını açacağını açıqlayıb. Lakin bu addım dizaynerlər və ekoloji fəalların etirazına səbəb olub. Şirkət ətraf mühitə zərər verməkdə və ədalətsiz əmək şəraiti yaratmaqda ittiham olunur. 
Nə üçün qalmaqal yaranıb?
"Shein"in “sürətli moda” prinsipi çoxlu sayda ucuz geyimlərin qısa müddətdə istehsal olunması və tez bir zamanda istifadə edilərək kənara atılması ilə əlaqələndirilir.
Ekoloji fəallar hesab edirlər ki, "Shein"in Parisdə fiziki mağaza açması Avropanın davamlı inkişaf dəyərlərinə ziddir.
Fransalı dizaynerlər və həmkarlar ittifaqları bildirirlər ki, bu brend yerli istehsalçılara zərbə vurur və “sənətkarlığı öldürür”.
"Shein"in mövqeyi
Şirkət nümayəndələri bildiriblər ki, Parisdəki mağaza “şəffaflığın yeni dövrü”nün başlanğıcı olacaq.
Brend daha çox təkrar emal olunmuş materiallardan istifadə etməyi, istehsal zəncirini rəqəmsal izləmə sistemini tətbiq etməyi və davamlı moda layihələrini dəstəkləməyi planlaşdırır.
Lakin tənqidçilər bu açıqlamaları ictimai imicini yaxşılaşdırmaq məqsədi daşıyan PR (ictimaiyyətlə əlaqələr) addımı kimi dəyərləndirir və bildirirlər ki, aşağı maaşlı əmək və ətraf mühitin çirklənməsi kimi əsas problemlər hələ də qalmaqdadır.
Əhəmiyyəti nədən ibarətdir?
“Shein”in Parisdə mağaza açması onlayn brendlərin artıq yalnız internetlə məhdudlaşmadığını və ənənəvi moda bazarına da daxil olduğunu göstərir.
Moda paytaxtı olan Fransa üçün bu, lüks və davamlı moda sənayesinə çağırış kimi qiymətləndirilir.
"Shein” ətrafında yaranan qalmaqal, qiymətindən asılı olmayaraq, hər bir alıcının məsuliyyətli istehlak etməsinin vacibliyini bir daha xatırladır.
Mənbə: theguardian.com
Tərcümə etdi: Şehrin Musayeva
