İsrail ordusu ən sadə insani standartların belə olmadığı həbsxanalarda saxladığı bəzi fələstinli əsirləri azad edib.
HƏMAS-a bağlı Əsirlər üzrə Media Ofisinin yaydığı açıqlamada bildirilib ki, Qəzzadan saxlanılan fələstinlilər Qəzza zolağının cənubundakı Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsindən azad ediliblər. Azad edilən fələstinlilərin müayinə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bəlah şəhərindəki "Əqsa Şəhidləri" xəstəxanasına aparıldığı qeyd olunub. Açıqlamada azad edilən fələstinlilərin sayı və sağlamlıq vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib. Azad edilən bir çox fələstinlinin İsrail ordusu tərəfindən psixoloji və fiziki işgəncəyə məruz qaldığı müşahidə olunub.
İsrail ordusu 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağında həyata keçirdiyi işğal və hücumlar zamanı aralarında qadınlar, uşaqlar və tibb işçilərinin də olduğu minlərlə fələstinlini əsir saxlayıb. Əsir götürülən fələstinlilərin bir qismi azad edilsə də, bir çoxunun taleyi hələ də naməlum olaraq qalır.
Mənbə: TRT HABER
Tərcümə etdi: Çimnaz Hemzeliyeva
