Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində azı 20 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb. Zəlzələ Məzari-Şərif şəhəri yaxınlığında, bazar ertəsi gecə saatlarında qeydə alınıb.

Talibanın Səhiyyə Nazirliyi 530-dan çox yaralının olduğunu bildirib. Rəsmilər xilasetmə işləri davam etdikcə itkilərin arta biləcəyini deyirlər.
Güclü təkanlar nəticəsində bir çox evlər dağılıb, Mavi Məscidin ətrafında dağıntılar qeydə alınıb. Zəlzələ, həmçinin Özbəkistan və Tacikistandan gələn enerji xətlərini zədələyib, paytaxt Kabul da daxil olmaqla ölkə üzrə elektrik kəsilib.
Əfqanıstan seysmik cəhətdən aktiv zonada yerləşdiyindən tez-tez güclü zəlzələlərlə üzləşir. Avqustda ölkənin şərqində baş verən 6 bal gücündə zəlzələ zamanı 1.100-dən çox insan həlak olub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
