Ömrünü uzadan yeganə heyvan! DNT-ni bərpa edir və qocalmaqdan qorunur. Alimlər bu heyrətamiz canlını araşdırmağa başlayıblar. Əgər onun sirri açılsa, xərçəng və qocalma keçmişdə qala bilər.

Alimlər DNT-ni bərpa edərək qocalmadan yaşayan və 250 ilə qədər ömür sürən kaman başlı balinanı (bowhead whale) öyrənirlər. Bu nəhəng dəniz canlıları təbiətdə ən uzunömürlü məməlilər sırasındadır. Wellcome Sanger İnstitutunun təkamül genetiki Dr.Alex Cagan onları “uzunömürlülüyün super ulduzu” adlandırır.
DNT-ni bərpa edir
Nyu-Yorkdakı Rochester Universitetinin alimləri müəyyən ediblər ki, balinalarda CIRBP (Soyuq İnduksiya Edilə Bilən RNT Bağlayıcı Zülal) adlı xüsusi bir zülal hüceyrələrin zədələnmiş DNT-ni yüksək dəqiqliklə bərpa edir.
Professor Vera Qorbunova bildirib: “Kaman başlı balina, DNT-si zədələnsə belə, mutasiyalara qarşı son dərəcə davamlıdır. Bu zülal xərçəngin yaranmasının qarşısını alır və hüceyrələrin qocalmasını yavaşladır”.
İnsan hüceyrələrində uğur
Tədqiqatçılar CIRBP zülalını insan hüceyrələrinə tətbiq etdikdə DNT təmirinin daha dəqiq və sürətli baş verdiyini müşahidə ediblər. Hətta eyni zülalın meyvə milçəklərinin ömrünü uzatdığı da məlum olub. Bu, gələcəkdə insan ömrünü uzada biləcək müalicələrin əsasını qoya bilər.
Soyuq iqlimin rolu
Araşdırmalara görə, balinaların soyuq Arktika sularında yaşaması CIRBP zülalının səviyyəsini artırır. Bu da hüceyrə təmirini gücləndirərək onların bədənini qocalmadan qoruyur.
Yeni müalicələrə yol aça bilər
Nature jurnalında dərc edilən araşdırma, DNT-nin özünü daha effektiv bərpa etməsinə imkan verən yeni terapevtik üsulların inkişafına işıq salır. Dr.Cagan deyib: “Nəticələr olduqca inandırıcıdır. Əgər digər laboratoriyalar tərəfindən də təsdiqlənsə, bu tapıntı yaşlanma və xərçənglə mübarizədə inqilab yarada bilər”.
Növbəti addım: insan testləri
Tədqiqat qrupu indi CIRBP zülalının və ya onu aktivləşdirən dərmanların qısa ömürlü məməlilərdə təhlükəsiz şəkildə DNT bərpasını artırıb-artırmadığını sınaqdan keçirəcək.
Professor Qorbunova əlavə edib: “Kaman başlı balinalar bu zülalı qeyri-adi dərəcədə çox istehsal etmək üçün təkamül keçiriblər. İndi əsas sual budur: Eyni mexanizmi insanlarda təhlükəsiz şəkildə aktivləşdirə bilərikmi?”
https://share.google/xuEhUfuLeJCoRjG7b
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
