Bu gün:

İki nəfər “Luvr” muzeyindəki oğurluğa görə yenidən ittiham olunub


Paris prokurorluğu ötən ay “Luvr” muzeyində baş verən zinət əşyaları oğurluğu ilə bağlı daha iki nəfərə qarşı ittiham irəli sürüldüyünü açıqlayıb.

Məlumata görə, 38 yaşlı qadın “təşkil olunmuş oğurluğa şəriklik” və “cinayət məqsədilə sui-qəsd” maddələri ilə, 37 yaşlı kişi isə “oğurluq” və “cinayətkar dəstə ilə əlbirlik” ittihamı ilə həbs olunub. Hər iki şəxs ittihamları rədd edib.

Əvvəlcə saxlanılan iki nəfər artıq cinayətini qismən etiraf edib. Onlar 19 oktyabrda muzeydən 88 milyon avro (təxminən 102 milyon dollar) dəyərində zinət əşyalarının oğurluğunda iştirak etməkdə günahlandırılırlar.

Hadisə dörd nəfərdən ibarət dəstə tərəfindən gündüz vaxtı, cəmi dörd dəqiqə ərzində həyata keçirilib. Onlar Seyna çayı sahilinə yaxın “Apollon qalereyasına” yükqaldırıcı vasitəsilə eyvandan daxil olaraq vitrinləri disk kəsici ilə sındırıblar.

Oğrular hadisə yerini saat 09:38-də tərk edərək iki skuter və daha sonra avtomobillərlə uzaqlaşıblar. Qaçış zamanı bir tac yolda düşüb, amma digər yeddi qiymətli daş-qaş hələ də tapılmayıb.

İstintaqın ilkin nəticələrinə əsasən, oğrulardan biri hadisə yerində tapılan DNT nümunəsi ilə tanınıb. Onun küçədə növbətçilik edən şəxslərdən biri olduğu ehtimal edilir.

Qadın şübhəli şəxs La Kurnev adlı Parisin şimal qəsəbəsində yaşadığını təsdiqləyib. Hakim onun ictimai təhlükə törədə biləcəyi və ya sübutları gizlədə biləcəyi əsas gətirilərək həbsdə qalmasına qərar verib. Kişi şübhəlinin isə əvvəllər silahlı qarətlərə görə məhkumluğu olduğu bildirilir.

Fransanın mədəniyyət naziri Raşida Dati oğurluqla bağlı ilkin araşdırmanın nəticələrini açıqlayaraq bildirib ki, muzey rəhbərliyi illərdir təhlükəsizlik risklərini ciddi şəkildə qiymətləndirməyib. O, ilin sonuna qədər yeni mühafizə tədbirlərinin tətbiq ediləcəyini vəd edib.

“Luvr” prezidenti Loren des Kar isə məsuliyyəti qismən etiraf edərək “Apollon qalereyası”nın perimetri boyunca təhlükəsizlik kameralarının azlığını əsas problem kimi göstərib. Onun sözlərinə görə, bu məsələ Paris şəhər bələdiyyəsinin səlahiyyətinə daxildir.

Hadisədən sonra Fransa üzrə bütün mədəniyyət obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib, həmçinin “Luvr” muzeyinin ən qiymətli zinət əşyaları Fransa Bankına köçürülüb.

Oğurlanan eksponatlar arasında imperatriça Yevgeniya tərəfindən taxılan diadem, “Mari-Ameli” tac dəsti, “Mari-Luiz” boyunbağı və sırğalar da var idi.

Mənbə: BBC News

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et