Bu gün:

Böyük Misir Muzeyi qapılarını açıb



Misirin paytaxtı Qahirənin qərb hissəsində yerləşən və “dördüncü piramit” adlandırılan Böyük Misir Muzeyinin açılış mərasimi prezident Əbdülfəttah əs-Sisinin iştirakı ilə keçirilib.


Misir Prezidentliyinin yaydığı yazılı açıqlamaya görə, 79 ölkədən rəsmi nümayəndə heyətləri tədbirdə iştirak edib. 39 ölkə isə mərasimdə kral, şahzadə, dövlət və hökumət başçısı səviyyəsində təmsil olunub.

Muzeyin həyətində, arxa planda Misirin məşhur “üç piramit siluetinin” göründüyü məkanda musiqi proqramı təşkil olunub. Tədbirdə iştirak edən qruplar firon dövrünə aid geyimlərdə səhnə çıxışları nümayiş etdiriblər.

Mərasimdə keçmiş mədəniyyət naziri Faruk Hüsnü başda olmaqla, Misirdən bir çox tanınmış şəxs çıxış edib. Hüsnü muzeyin yaradılması ideyasından danışaraq bildirib ki, “Misirin bu muzeyə sahib olmaq arzusu artıq gerçəkləşib''.

Qahirənin qərbində, Giza piramidlərindən 2 kilometr məsafədə inşa edilən Böyük Misir Muzeyi uzun illər davam edən tikinti və hazırlıq işlərindən sonra bu gün rəsmi şəkildə ziyarətə açılıb. Bu muzey dünyanın ən böyük arxeologiya komplekslərindən biri hesab olunur. Layihə 1990-cı illərdə o vaxtkı mədəniyyət naziri Faruk Hüsnü tərəfindən irəli sürülüb. Muzeyin təməli isə 2002-ci ildə o dövrün prezidenti Hüsnü Mübarək tərəfindən qoyulub. 2014-cü ildən etibarən prezident Əbdülfəttah əs-Sisinin göstərişi ilə layihə yenidən sürətləndirilib.

Təxminən 1 milyard ABŞ dollarına başa gələn muzeyin əsas maliyyə hissəsi Yaponiyanın kreditləri hesabına qarşılanıb. Ümumi sahəsi 490 min kvadratmetr olan bu muzey ölçüsünə və eksponat sayına görə dünyanın ən iri arxeologiya mərkəzlərindən biri sayılır.

Ziyarətçilərin muzeyin şüşə ön hissəsindən piramidlərə baxması, həmçinin Kral Tutankamonun 5 mindən çox əsəri daxil olmaqla 57 mindən artıq tarixi nümunəni görməsi planlaşdırılıb. Üçbucaq formalı memarlıq quruluşuna görə “dördüncü piramit” adlandırılan Böyük Misir Muzeyində Yunan-Roma dövrünə aid əsərlər də sərgilənir.

Mənbə: TRT HABER

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et