ABŞ-nin Florida ştatında bir yırtıcının hücumundan sonra ön qanadını itirən Dilly Dally adlı dəniz tısbağası uzunmüddətli müalicədən sonra yenidən Atlantik okeanına buraxılıb.

Loggerhead Marinelife Center (LMC)- dəniz tısbağalarının qorunması ilə məşğul olan qurum “Artıq tənbəllik yoxdur! Dilly Dally evinə qayıtdı”, – deyə Facebook paylaşımında bildirib. “Onu dənizdə sağlam və təhlükəsiz görmək bizi çox sevindirir!”
Mərkəzin paylaşdığı videoda Dilly Dally sağ ön qanadsız şəkildə hovuzda üzərkən görünür. Daha sonra isə baytar heyəti onu okean sahilinə aparıb. Çimərlikdə toplaşan onlarca insan tısbağanın quma qoyulmasını izləyib və Dilly Dally yavaş-yavaş öz gücü ilə dənizə doğru hərəkət edib.
Gənc loggerhead (sərt qabıqlı dəniz tısbağası) növünə aid olan Dilly Dally bu ilin yanvarında yırtıcı hücumuna məruz qaldıqdan sonra LMC-yə gətirilib və üç həftə sonra zədələnmiş ön qanadı cərrahi yolla amputasiya edilib.
Beş aylıq müalicə dövründə yaranan bəzi çətinliklərə baxmayaraq, o indi sağalıb və daha öncə reabilitasiya olunmuş Falafel və Scout adlı digər tısbağalar kimi təbiətə buraxılıb.
Dilly Dallynin qabığına peyk izləmə cihazı bərkidilib. Bu cihaz vasitəsilə onun okeandakı hərəkətləri və həyata uyğunlaşması izləniləcək.
LMC kimi təşkilatlar populyasiyası azalan dəniz tısbağalarını qorumaq və sağaltmaq üçün fəaliyyət göstərirlər. Hazırda təbiətdə təxminən 6,5 milyon dəniz tısbağası qaldığı bildirilir. Onlar ovlanma, balıqçılıq torlarına düşmə, yaşayış mühitinin məhv edilməsi, iqlim dəyişiklikləri və çirklənmə kimi təhlükələrlə üz-üzədirlər.
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) bildirir ki, dünyada mövcud olan 7 dəniz tısbağası növündən 3-nün nəsli kəsilmək təhlükəsi altında, onlardan 2-si isə “kritik dərəcədə təhlükəli” statusundadır.
2023-cü ildə Animal Conservation jurnalında dərc olunmuş bir tədqiqatda qeyd olunub ki, tısbağalarda ətraf amputasiyası nadir hal deyil və onlar reabilitasiya sonrası üzmə bacarığını yenidən qazana bilirlər. Lakin belə tısbağalar yumurtlama üçün sahilə çıxanda quruda daha çox təhlükə ilə üzləşirlər.
Tədqiqatçılar, həmçinin vurğulayırlar ki, amputasiyalar yalnız tibbi zərurətdən deyil, həm də qayıq toqquşmaları və balıqçılıq avadanlıqlarına ilişmə kimi hadisələr nəticəsində də baş verir.
Dəniz tısbağalarının hərəkətlərini izləmək istəyənlər Dilly Dally və digər tısbağaların okeandakı səyahətlərini Loggerhead Marinelife Centerin rəsmi səhifəsində virtual şəkildə izləyə bilərlər.
Mənbə: NPR news
Tərcümə etdi: Aydan Xudayarova
