Bu gün:

İspaniya Meksikanın fəth dövründəki ədalətsizliklər üçün təəssüfünü bildirib


İspaniya Meksikanın yerli xalqlarının fəth dövründə yaşadığı “ağrı və ədalətsizliklərə” görə təəssüfünü bildirib. Bu açıqlama, altı illik diplomatik gərginlikdən sonra münasibətlərdə ton dəyişikliyinə işarə edir.

2019-cu ilin martında Meksikanın o vaxtkı prezidenti Andres Manuel Lopes Obrador Kral VI Felipə və Roma Papası Fransiskə məktub göndərərək, müstəmləkəçilik və fəth dövründə baş verən “qırğınlar və zülmlər” üçün üzr istəməyə çağırıb.

Həmin müraciət Madriddə sərt reaksiya doğurub. İspaniya hökuməti bildirib ki, 500 il əvvəl Meksikada baş verən hadisələr “müasir dövrün meyarları ilə qiymətləndirilə bilməz” və iki ölkənin ortaq tarixinə “qəzəbsiz və paylaşılmış baxış bucağından” yanaşmaq lazımdır.

Lakin ötən cümə günü İspaniya hökuməti daha barışıqsevər və təvazökar mövqe nümayiş etdirib. Madriddə Meksikanın yerli qadınlarına həsr olunmuş sərginin açılışında çıxış edən xarici işlər naziri Xose Manuel Albares iki ölkənin ortaq tarixi barədə danışaraq deyib: “Bu, çox insani bir tarixdir və hər bir insan hekayəsi kimi onun da işıqlı və qaranlıq tərəfləri var. Bu tarixdə yerli xalqlara qarşı bəzi ağrı və ədalətsizliklər də olub. Bu, haqsızlıq idi və bunu bu gün etiraf edib təəssüf etmək doğrudur. Çünki bu, həm də bizim ortaq tariximizin bir hissəsidir və biz onu nə inkar edə, nə də unuda bilərik".

Nazirin bu açıqlaması Meksika prezidenti Klaudiya Şeinbaumun üzr istənilməsi ilə bağlı çağırışlarını təzələməsindən cəmi dörd gün sonra səslənib. Şeinbaum bildirib: “Biz keçmiş prezident Lopes Obradorun göndərdiyi məktubla razıyıq və hələ də cavab gözləyirik".

O, Albaresin açıqlamasını müsbət qarşılayaraq bunun keçmişdəki haqsızlıqların tanınması istiqamətində mühüm addım olduğunu vurğulayıb: “Bu, ilk addımdır və bizim daim dediyimizin əhəmiyyətini göstərir: üzr istəmək hökumətləri və xalqları ucaldır. Bu, alçaldıcı deyil, əksinə, əzəmətlidir. İspaniya hökumətinin xarici işlər nazirini təbrik edirəm, xüsusilə də bu Yerli Qadınlar İlində".

Meksikanın fəthi 1519-cu ildə Hernan Kortesin rəhbərliyi altında başlayıb. O, yüzlərlə əsgər, atlar, çiçək xəstəliyi kimi ölümcül infeksiyalar və aztəklərlə düşmən olan bəzi yerli tayfaların dəstəyi ilə Tenoçtitlan adlanan paytaxt, yəni indiki Mexiko şəhərinə daxil olub.

İspanlar iki il sonra şəhəri talan edib və yerli xalqları Katolikliyə çevirməyə başlayıblar.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov


Paylaş
Şərh əlavə et