“Coral Adventurer” adlı gəmi 80 yaşlı Süzan Ris adlı qadını Lizard adasında unudaraq yola düşüb. Qadının meyiti bir gün sonra adada tapılıb.

Hadisə oktyabrın 24-də baş verib. Süzan Ris digər sərnişinlərlə birlikdə adada piyada gəzintidə olub, lakin istirahət etmək üçün qrupdan ayrılıb. Gəmi heyəti onun geri qayıtmadığını fərq etmədən adanı tərk edib. Bir neçə saat sonra qadının yoxluğu müəyyənləşib və axtarış əməliyyatı başladılıb.
Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi, Kvinslend Polisi və dövlət məhkəmə eksperti hadisə ilə bağlı araşdırma aparır. Məlumata görə, qadın istidən halsızlaşıb, təpəyə qalxarkən səhhəti pisləşib və təkbaşına geri dönməyə çalışarkən həyatını itirib.
Kruiz operatoru “Coral Expeditions” şirkətinin baş direktoru Mark Fayfild açıqlama verərək bildirib ki, faciədən sonra səfərin qalan hissəsi ləğv edilib və bütün sərnişinlərə ödənişlər geri qaytarılacaq. O əlavə edib ki, sərnişinlərin geri dönüşü üçün çarter reysləri təşkil olunur.
Süzan Risin qızı Ketrin Ris bildirib ki, ailə hadisədən dərin sarsıntı keçirib. Onun sözlərinə görə, anası aktiv həyat tərzi sürən, yürüş qruplarında iştirak edən bir qadın idi: “Bizə deyilənlərdən görünür ki, burada həm səhlənkarlıq, həm də sadəcə sağlam düşüncənin olmaması rol oynayıb. Ümid edirik ki, istintaq bu hadisədə kimlərin məsuliyyət daşıdığını üzə çıxaracaq”.
Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi gəmi kapitanına yeni sərnişin qəbul etməyi qadağan edib. Gəmi Cairns limanına qayıtdıqdan sonra rəsmi orqanlar onu yoxlayacaq.
Hadisə kruiz sənayesində böyük rezonans yaradıb. Səyahət saytlarının redaktoru Harriyet Mallinson bildirib ki, belə hallar çox nadir baş verir: “Kruizlərdə sərnişinlərin kimlik və giriş-çıxış sistemləri çox ciddi nəzarət altındadır. Bu hadisə çox nadir və faciəvi bir istisnadır”.
Mənbə: BBC News
Tərcümə etdi: Rəna Qarayeva
