Şahzadə Endryunun adının qarışdığı qalmaqal onun öz səhvindən qaynaqlanır, lakin bu hadisə onun yaxın ailəsinə, keçmiş həyat yoldaşı Sara Ferqyuson və iki qızına dərin təsir göstərib.
66 yaşlı xanım Ferqyuson əvvəllər də məhkum edilmiş cinsi cinayətkar Cefri Epsteyn ilə əlaqələrinə görə ittihamlarla üzləşmişdi.İndi o, “Royal Lodge” sarayından köçəcək və öz yaşayış planlarını quracaq. Bununla belə, onun Endryu ilə birlikdə Norfolkdakı Sandrinhema köçəcəyi düşünülmür.
37 yaşlı şahzadə Beatris və 35 yaşlı şahzadə Yevgeniya isə titullarını saxlayacaqlar, çünki onlar hökmdarın oğlunun qızlarıdır.
Lakin onların valideynlərinin yaratdığı qalmaqaldan uzaq qala bilib-bilməyəcəkləri ilə bağlı suallar yaranıb.
Sara Ferqyuson və Endryu 1996-cı ildə boşanıblar, lakin bu günə qədər “Royal Lodge”da birlikdə yaşayırdılar.
Endryu bir neçə həftə əvvəl “York hersoqu” titulundan imtina etdikdən sonra Ferqyuson da “hersoginya” titulunu itirib.
Son vaxtlara qədər o, Epsteyn ətrafında yaranmış qalmaqaldan kənarda qala bilmişdi.
Lakin 2011-ci ildə yazdığı və Epsteyni “ali dostum” adlandırdığı, həmçinin onu ictimai şəkildə tənqid etdiyi üçün üzr istədiyi bir e-poçtun üzə çıxmasından sonra bir neçə xeyriyyə təşkilatı onunla əməkdaşlığı dayandırıb.
Hazırda onunla əlaqəsi qalan yeganə xeyriyyə qurumu özünə məxsus “Sarah’s Trust” fondudur.
Fond əvvəllər “Hersoginya kolleksiyası” adlı məhsul xəttinə sahib idi. Çay və biskvit dəstləri kimi mallar xeyriyyə məqsədilə satılırdı, lakin həmin sayt artıq aktiv deyil.
Fondun məqsədləri arasında “unudulmuş qadınlar” da daxil olmaqla həssas icmalara dəstək göstərmək var.
BBC News fondla əlaqə saxlamağa çalışsa da, göstərilən telefon nömrəsi işlək olmayıb, elektron məktublar isə geri qayıdıb.
Xeyriyyə Komissiyası bildirib ki, onlar fondla əlaqə saxlayaraq əlaqə məlumatlarını yeniləmələri barədə xatırlatma ediblər.
Ferqyuson xeyriyyə işlərindən başqa, bir sıra biznes layihələrində iştirak edib və uşaqlar üçün kitablar, həmçinin Kraliça Viktoriyadan bəhs edən qeyri-bədii əsərlər və xatirələr yazıb.
Onun sonuncu uşaq kitabı “Flora and Fern: Kindness Along The Way” 9 oktyabrda çap olunmalı idi, lakin indi Amazon-da satış tarixi 28 noyabr göstərilir.
Waterstones kitab mağazalar şəbəkəsi BBC-yə bildirib ki, nəşr tarixi dəyişib və hazırda yeni tarix məlum deyil.
Nəşriyyat New Frontier Publishing bu barədə şərh verməyib.
Nəşriyyat sektorundakı bir mənbə BBC-yə bildirib ki: “nəşrin təxirə salınması tamamilə məntiqli qərar olardı”.
Ferqyusonun digər nəşriyyatları da məsələ ilə bağlı danışmaqdan çəkinib.
Harper Collins, onun iki kitabını, o cümlədən 2023-cü ildə nəşr edilmiş “A Most Intriguing Lady” əsərini çap etmişdi və bildirib ki, hər iki kitab hələ də satışdadır.
Kitab sənayesi üzrə ekspert Neill Denni deyib:
“Adətən nəşriyyatlar müəlliflərlə əməkdaşlığı açıq şəkildə dayandırmır, sadəcə müqaviləni yeniləmirlər”.
O, həmçinin əlavə edib ki, Ferqyuson və ya Endryunun “hər şeyi açıb yazacağı xatirələr kitabı” üzərində işlədiyi barədə söz-söhbətlər dolaşsa da, nəşriyyatlar Yorkun keçmiş hersoginyasının hekayəsini çap etməyə tərəddüd edərdilər.
Mənbə: BBC
Tərcümə etdi: Nuray Ədilzadə
